3 Fevral, 2012
İran Qərbə xəbərdarlıq etdi

Əli Xamenei: “Lazım gələrsə, biz də hədə-qorxu taktikasına keçəcəyik”

İran Qərbin təzyiqlərinə baxmayaraq, inkişaf etməkdə davam edəcək. Bunu İranın ali dini lideri Ayətulla Əli Xamenei Tehranda cümə namazından sonrakı çıxışında bəyan edib. İranda 1979-cu il İslam İnqilabının 33-cü ildönümünün qeyd edildiyi bir vaxtda xalq qarşısına çıxan Xamenei bildirib ki, İslam Respublikasının əsası qoyulandan bəri Qərb qüvvələri İranın inkişaf etməsini əngəlləmək istəyib, lakin İran xalqı bütün çətinliklərin öhdəsindən gəlib.

Ayətulla Əli Xamenei Amerika Birləşmiş Ştatlarını İranın nüvə obyektlərinə zərbə endirmək ideyasından imtina etməyə çağırıb: «İranın ünvanına səslənən hədələr, yaxud İrana hücum Birləşmiş Ştatların ziyanına işləyə bilər. Sanksiyalar bizim nüvə proqramını davam etdirmək qətiyyətimizə təsir göstərməyəcək. Lazım gələrsə, biz də Qərbin müharibə başlatmaq hədələrinə və neft embarqosu tətbiq etmək taktikasına cavab olaraq, hədə-qorxu taktikasına keçəcəyik».

Xamenei qeyd edib ki, Tehran «sionist rejimi»nə qarşı çıxmağa cəsarət edən bütün ölkə və qüvvələri dəstəkləyəcək. İranın ali dini lideri ötən ay İranda öldürülmüş nüvə mütəxəssisi Əhmədi Rövşənin qətlinin arxasında da Qərb qüvvələrinin dayandığını bəyan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!