Zəminə Əliqızı: “Bu layihənin nə zaman həyata keçiriləcəyi məlum deyil”
Azərbaycanda həyata keçirilən “Elektron məktəb” layihəsinin növbəti mərhələsi elektron kartlarla bağlı olacaq.
Simsar.az-ın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, layihəyə əsasən, şagird məktəbə daxil olarkən onun valideyninə bu haqda SMS göndəriləcək. Eyni zamanda şagird məktəbi tərk edərkən də belə bildiriş veriləcək.
Z. Əliqızı qeyd edib ki, şagirdin bədən temperaturu haqda da valideynlərinə SMS göndərilməsi nəzərdə tutulur: ”Amma bu böyük vəsait tələb etdiyi üçün gələcəkdə həyata keçiriləcək”.
Qeyd olunub ki, “Elektron məktəb layihəsi”nə artıq 20 məktəb qoşulub. Onlardan 10-a yaxını Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdir. “Elektron məktəb” layihəsi çərçivəsində artıq “1 kompüter 1 şagird”, ”SMS gündəliklər” mərhələləri həyata keçirilib. “Distant təhsil” mərhələsi isə hazırda həyata keçirilməkdədir.