18 Yanvar, 2012
"20 YANVAR"-A HAZIRLIQ - FOTOSESSİYA

Şəhidlər xiyabanında qərənfillə buta kompozisiya

1990-cı ilin 20 Yanvar faciəsinin 22-ci ildönümünə cəmi 2 gün qalıb. Simsar.az xəbər verir ki, ildönümü ərəfəsində faciə qurbanlarının uyuduğu Şəhidlər Xiyabanında hazırlıqlar başa çatmaq üzrədir. 

Şəhidlər Xiyabanında olduğumuz müddətdə soyuq, küləkli havaya baxmayaraq gərgin hazırlıq işləri davam edirdi. Artıq xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət buta kompozisiyası hazırlanıb, pilləkənlərdəki güllərlə olan işlər isə davam edir.

“Əbədi məşəl” kompleksinin yanındakı pilləkənlərdə isə eskalatorun quraşdırılması ilə bağlı son tamamlanma işləri gedir. 15 metrlik eskalatorun quraşdırılmasında əsas məqsəd xiyabana gələn insanların hərəkətini asanlaşdırmaqdır.

Bundan başqa, Şəhidlər Xiyabanındakı döşəmə daş plitələrindən 600-ü dəyişdirilib, şəhid qəbirləri, işıq dirəkləri hazır vəziyyətə gətirilib. Üzlük daşları yonulub və təmizlənib.

20 Yanvara bir neçə gün qalsa da Şəhidlər Xiyabanına insan axını başlayıb. Bu gün cəmi bir neçə saat ərzində yüzlərlə azyaşlı azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edib. Aşağı sinif şagirdləri baş verən faciəni tam dərk etməsələr də, müəllimlərin tarix barədə dediklərini dəftərlərə yazmaqla yadda saxlamağa çalışırdılar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!