29 Dekabr, 2011
Elşad Abdullayev elmlər doktoru adından məhrum edildi

ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin elmi dərəcə və elmlər doktoru diplomu ləğv edilib. Bu haqda “Femida-007" qəzeti məlumat dərc edib.

Qəzetin yazdığına görə, E.Abdullayevin “Müqayisəli inzibati hüquq” mövzusundakı doktorluq işi Bakı Dövlət Universitetində yerinə yetirilib, Rusiya Dövlət Humanitar Universitetində 22 noyabr 2000-ci il tarixdə müdafiə olunub və 22 dekabr 2000-ci il tarixdə Rusiya Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq elmləri doktoru diplomu verilib. Lakin sonradan bəlli olub ki, E.Abdullayevin doktorluq işi Kozırınin “İnzibati Hüquq”undan köçürülüb. Bu günlərdə Rusiyada aparılan araşdırmalar başa çatdıqdan sonra diplomun ləğvi barədə qərar verilib.

Maraqlı məqam ondan ibarətdir ki, hələ 2001-ci ilin mayında Azərbaycan Ali Attestasiya Komissiyasının Humanitar və İctimai Elmlər Şöbəsinin rəhbəri BDU-nun rektoru Abel Məhərrəmova ABU rektorunun müdafiə elədiyi doktorluq işinin plagiat olması barədə məktub yazıbmış. Lakin həmin vaxt buna əhəmiyyət verilməyib...

2011-ci ilin yayında isə Elşad Abdullayevin başı üzərində qala buludlar peyda oldu və o, ölkədən qaçmaq məcburiyyətində qaldı. Fransada olduğu müddətdə qardaşı Mahir Abdullayevin oğurlanması və ABU-nun əlindən alınması prosesi ilə bağlı sərt, ittiham dolu açıqlamalar verdi.

(musavat.com)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!