26 Dekabr, 2011
Elmar Hüseynov: SƏRNİŞİN MƏDƏNİYYƏTİ VƏ YA GÜNAH HƏMİŞƏ ÖLƏNDƏDİRMİ?

Bir az da, özümüzü qınayaq

Qlobal problemlərin başımızı qatdığı bir dövrdə xırda saydığımız, amma böyüdükcə böyüyən və irinə çevrilən bəzi məsələlər var ki, hərdən böyük işlərdən ayrılıb onlarada da vaxt ayırmaq lazım gəlir. Dünya təkcə müharibələrdən və ya neft savaşlarından ibarət deyil. Deyildiyi kimi etsə-etsə dünyanı ya məhəbbət, ya da mədəniyyət xilas edəcək.
Qarnımızdan və televizordan başımız ayrıd olsa başımızı qaldırıb hər gün rastlaşdığımız problemlərə də baxarıq. Məsələn, ən primitivlərindən birinə, ən böyük ziddiyyətlərdən sayılan sürücü – sərnişin münasibətlərinin tənzimlənməsi məsələsinə...
Müasir dünyamızda qanununauyğun olaraq çoxluq təşkil edən sərnişinlər hər bir işdə sürücüləri qınaya bilər. Hətta sürücülərə hirslənən bəzi jurnalist-sərnişin dostlarımız onlar haqqında "mədəniyyətsiz" və s. kimi fikirləri yazmaqdan belə çəkinməzlər. Amma burada biz 100 faiz haqlı durumdayıqmı? Biz deyəndə, özümü də sərnişin kateqoriyasına aid edirəm.
Müəyyən qədər razıyam, sürücülərin avtomaşınlarda əlavə oturacaqlar quraşdırması, maşının salon konstruksiyasını dəyişməsi, bayağı mahnılarla, ucuz meyxanalarla sərnişinlərin baş-beynini aparması barədə səsələnən ittihamlara haqq qazandırmaq olar. Hətta bəzi sürücülərin sərnişinlərlə rəftarı da, mübahisə və ya müzakirə predmeti sayıla bilər.
Amma bu dəfə mən hədəf olaraq özümün də təmsil olunduğum sərnişin kəsimini tənqid etmək istəyirəm. Fikrimcə, Azərbaycanda sərnişin mədəniyyəti olduqca aşağıdır və artıq bunu formalaşdırmağın zamanıdır. İddiamı təsdiq edən arqumentlərim aşağıdakılardan ibarətdir:
1. Sərnişin avtobuslarının tutum deyilən həddi var. Təbii ki, bu gün Bakı küçələrində sağa-sola şütüyən, həcmi böyük və ya balaca olan bu avtobuslarda tutum həcmindən artıq sərnişin götürmək istəyi, sürücünün pul qazanmaq həvəsindən irəli gəlir. Amma sərnişinlər özü ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Məsələn, oturacaqları tam dolmuş, ayaq üstə normal dayana biləcək sayda sərnişin minmiş avtobusa pərçimlənmək istəyi mədəniyyətsizlik deyilmi? Bəs, bilə-bilə niyə özümüzü həmin uçuruma yuvarlayıb sonradan bu barədə «qohumlaşma və ya yaxınlaşma» ssenarisi əsasında lətifələr uydururuq. Əslində o lətifələrin əsl qəhramını biz özümüzük... İçəri zorla daxil olmaq istəyən şəxs öz tələskənliyi ilə digər bir insanın, bəlkə də insanların narahatlığına səbəb olur. Axı, arxadan gələn növbəti avtobusu gözləmək olar, hətta tələsdiyiniz anda sizin xidmətinizdə taksilər də var...
2. Sivil ölkələrdə sərnişin avtobusları üçün xüsusi yuk proseduru tətbiq olunur. Yəni, insanlar avtobuslara minəndə əlindəki yükü nəzərə alırlar. Amma Azərbaycanda sərnişinlər əllərindəki yükün həcmindən, böyundan-biçimindən asılı olmayaraq avtobuslara minmək və hətta bu yüklərlə əyləşib yanındakı oturacağı da «zanit etmək» istəyirlər. Məsələn, bir də görürsən əlində iki metrdən uzun dəmir boru tutmuş şəxs avtobusa minir və bu dəmir borunu yerə döşəməyə cəhd göstərir. Bu da, digər sərnişinlərin narahatlığına səbəb olur. Bəzən yükünü oturacaqlara qoyanlar da tapılır... Beləliklə də, avtobusdan istifadə etmək istəyən şəxs ayaq üstə dayanmaq məcburiyyətində qalır.
3. Səyyar ticarətlə məşğul olan insanlar satacaqları məhsulu və ya məmulatı avtobusla daşımaq fikrinə düşür. Təsəvvür edin ki (misal konkret şahidi olduğum hadisəyə hesablanıb), "Şamaxinka" deyilən yerdən əlində bir "padnos" "perajki" olan bir nəfər avtobusa daxil olur və əlindəkiləri satmaq üçün avtobusu “bazara” döndərir. Avtobusun içində yaranan mənzərə hamımıza tanışdır. Həm insanları narahat edən qoxu, həm yağa batmaq qorxusu, həm də narahatlıq...
4. Ən böyük bəla... Girirsən avtobusa, görürsən ki, arxa oturacaqların birində "maraqlı" bir mənzərə yaşanır. Gənc qızlarla oğlanların şərikli şəkildə yaratdığı və iştirakçısı olduğu bu "mənzərələr" avtobuslarda sərnişin mədəniyyətsizliyinin ən bariz nümunəsi sayılmalıdır. Təbii ki, heç kimin azadlığını məhdudlaşdırmaq fikrimiz yoxdur, amma ictimai məkanlarda həyata keçirilən bu cür addımlar əxlaq kodeksinə zidd olaraq qiymətləndirilməməlidirmi?
5. Dayanacaq problemi. Məni nə qədər ciddi cəhdlə inandırmağa çalışsalar, bacarmazlar ki, sərnişinlər küçənin tən ortasında və ya işıqforun (svetoforun) yanında durub gəlib-gedən marşurut avtobuslarına əl etməsələr onlar yol hərəkəti qaydalarını kobud surətdə pozub harada gəldi əyləci (tormozu) basmazlar. Dayanacaqlardan istifadə etmək sərnişin mədəniyyətinin ən bariz göstəricisidir.
6. Avtobuslara minmək. Hələ sivil standartlar bir yana, milli mentalitetimizə görə, öncə yaşlı və xəstələrə, sonra qadınlara və uşaqlara yol vermək gərəkir. Bu gün Azərbaycanda nəinki qadınlara yol vermək, onlara yer vermək belə "mod"dan düşür. Bunda da sürücülər günahkar deyil ki?!
7. Son vaxtlar dəbə düşən telefon macərası. Yox, söhbət "blutuz"dan getmir. Bir də görürsən ki, telefonda əcaib bir musiqiyə o ki, var səs verən gəncimiz başa düşmür ki, həmin melodiyaya kənardakıların qulaq asmaq istəməməsi qeyri-adi hal deyil. Bunun üçün ən azı qulaqcıqdan istifadə etmək lazımdır. Hə, telefonla qışqıra-qışqıra danışmaq da, bu bəndin bir abzası kimi qeyd oluna bilər...
...Siyahını hara qədər desək, uzatmaq olar. Çünki bu gün avtobuslarda bəzi sərnişinlərin davranışları absurdlarla doludur.
"Bir insanın azadlığı digərinkinin başladığı yerdə bitir". Bu məşhur deyim həyatımızın hər anında özünü göstərməlidir. Hətta avtobuslarda sərnişin olduğumuz anda belə...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!