26 Dekabr, 2011
Jurnalistlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündü

Səttar Mehbalıyev: "Bu o qədər də böyük vəsait tələb etmir"

“Mətbuat işçilərinin şəhərdaxili nəqliyyatdan pulsuz istifadəsi məsələsinin həllini mümkün hesab edirəm”.

Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib. S. Mehbalıyev bildirib ki, bu o qədər də böyük vəsait tələb etmir: “Dövlətin mətbuata diqqəti bəllidir. Fikrimcə, mətbuat işçilərinin şəhərdaxili nəqliyyatdan pulsuz istifadəsi üçün dövlət büdcəsindən o qədər də çox vəsaitin ayrılmasına da lüzum yoxdur. Yəni kiçik ayrılma ilə bu məsələ həll oluna bilər”. 

S. Mehbalıyev jurnalistlərin həmkarlar təşkilatlarının fəaliyyəti barədə də danışıb. O bildirib ki, belə qurum yaradılsa da, fəaliyyəti nəzərə çarpmır: “Bəzi mətbuat nümayəndələri ilə görüşlərimiz olub. Onlar konfederasiya tərkibində fəaliyyət göstərən qurumun yaradılması istəyindədirlər. Bu barədə danışıqlar gedir. Yəqin ki, bu məsələ də öz həllini tapacaq”.

Konfederasiya sədri qurumda tələbələrin təhsil haqqının bir hissəsinin ödənilməsi ilə bağlı qərar qəbul olunduğunu da söyləyib: “Hər ali məktəbdən 3 nəfər imkansız, lakin həm davamiyyət, həm də təhsil səviyyəsi yuxarı olan tələbələrin illik təhsil haqqının 30 faizi konfederasiya tərəfindən ödəniləcək. Artıq tələbələrə köçürmənin sənədlərini təqdim etməyə başlamışıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!