23 Dekabr, 2011
PREZİDENT YETİŞDİRƏN UNİVERSİTET - REPORTAJ

“O, tələbələrdən seçilirdi”

Vesti.az-ın əməkdaşı Azərbaycan prezidenti İlham Əliyevin 50 illiyi münasibətilə onun təhsil aldığı və müəllimi olduğu Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan reportaj hazırlayıb.

Simsar.az reportajı təqdim edir. 

“Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu mənim bioqrafiyamda çox mühüm yer tutur. Mən onun divarları arasında oxudum, işlədim və bilik əldə etdim, ən əsası isə sadiq, vəfalı dostlar qazandım. Bunlar mənim həyatımın ən gözəl illəri, tələbəlik və gənclik illəri idi”. Bu sitat Azərbaycan prezidenti İlham Əliyevə məxsusdu. Prezident “Mənim Universitetlərim” məqaləsində taleyində mühüm rol oynamış Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan geniş bəhs edib.

APA-nın məlumatına görə, vesti.az portalının Moskvaya ezam edilmiş müxbiri prezidentin yubileyi ərəfəsində onun universitetində oldu. Bu universitetdə İlham Əliyevin müəllimləri və iş yoldaşları ilə görüşüb, onun oturduğu auditoriyalarla, işlədiyi kafedra ilə tanış olub.

Azərbaycan prezidenti ömrünün 13 ilini məhz bu universitetin divarları arasında keçirib.
1977-ci ildən 1990-cı ilə kimi... Əvvəl tələbə, sonra isə buranın əməkdaşı kimi fəaliyyət göstərib.

MDBMİ 1944-cü il oktyabrın 14-də yaradılıb. O zaman Xalq Komissarları Soveti («Sovnarkom») bir il əvvəl yaradılmış M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müstəqil instituta çevrilməsi barədə qərar qəbul edib. Yaradıldığı il bu institutda 200 tələbə oxuyub. Rusiya XİN-nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universitet) böyük universitet kompleksi olaraq, nüfuzu təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da yüksək olan unikal elm-təhsil mərkəzi rolunu qoruyub saxlayır. Universitetin 6 institutu, 7 fakültəsi və 68 kafedrasında beynəlxalq münasibətlər, regionşünaslıq, politologiya, dünya iqtisadiyyatı, hüquq elmləri, menecment, jurnalistika və ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssislərin hazırlanması ilə 150-dən çox professor, elmlər doktoru, 400-dən çox elmlər namizədi, 300-dən çox dosent və təxminən 400 yüksək kvalifikasiyalı müəllim məşğul olur. Onların arasında Rusiya Elmlər Akademiyasının, ixtisaslaşmış Rusiya və beynəlxalq akademiyaların 20-dən çox həqiqi üzvü və müxbir üzvü, 17 Rusiya əməkdar elm xadimi var. Şübhəsiz ki, bu, tələbələrin hazırlığının yüksək pedaqoji və elmi səviyyəsini təmin edir.

Etiraf edim ki, MDBMİ-nin kandarından içəri daxil olana qədər məni daxili narahatlıq hissi tərk etmirdi: birdən planlaşdırılmış görüş baş tutmaz? Baxmayaraq ki, hələ Bakıda olarkən MDBMİ-nin rektoru Anatoli Vasilyeviç Torkunovun şəxsi razılığını almışdım. Bizim prezidentin oxuduğu universitetdən reportaj hazırlamaq istəyimizi cənab Torkunov səmimiyyətlə qəbul etmişdi. Amma nədənsə görüşün bizdən asılı olmayan səbəblərdən baş tutmayacağından narahat idim. Xoşbəxtlikdən, mənim bütün narahatlığım əbəs idi: əvvəlcədən razılaşdırıldığı kimi, mühafizə postunda mənə bu nüfuzlu ali məktəbə daxil olmağa icazə verən buraxılış vəsiqəsi vardı. MDBMİ-nin rəhbərliyi bizim xahişimizə tam ciddiliyi ilə yanaşmışdı: mənə kömək etmək üçün beynəlxalq əməkdaşlıq və ictimai əlaqələr prorektoru Andrey Vladimiroviç Silantyevin qəbul otağının əməkdaşı - Pavel adlı şəxs ayrılmışdı.

“İlham Əliyev tələbələr arasında seçilməməyə çalışırdı”

Məni əvvəlcə universitetin kitabxanasına gətirirlər və xüsusi qeyd edirlər ki, İlham Əliyev universitetdə olduğu dövrdə vaxtının çoxunu burda keçirib. Kitabxananın dövri nəşrlər şöbəsinin rəisi Raisa Vasilyevna Polevaya MDBMİ-nin ən yaşlı əməkdaşlarından biridir – burada 1973-cü ildən çalışır və İlham Əliyevi hələ tələbəlik illərindən yaxşı xatırlayır.

“Mənim gözlərim önündən tələbələrin böyük bir qatarı keçib və onların arasında kifayət qədər parlaq şəxslər çoxdur. Qeyd etmək istəyirəm ki, 1970-ci illərin sonundan tanıdığım İlham Əliyev bu parlaq şəxslərin sırasında xüsusi yer tutur. O, çox fərqli adamdı. Tələbələrə, əməkdaşlara, müəllimlərə o qədər xoş münasibət bəsləyirdi ki, bu bizi bəzən bir qədər təəccübləndirirdi. Özünüz bilirsiniz, bizim ali məktəbimiz adi deyil, burada elitar ailələrin övladları oxuyurdular. Elə indi də həmin ənənə davam edir. İlham Əliyev ümumi tələbə kütləsindən seçilirdi. Biz onunla işlədiyim tələbə kitabxanasında tanış olmuşduq. Gələcəkdə professional cəhətdən nəyəsə nail olmaq istəyən tələbələrin hamısı kitabxanada çox vaxt keçirirdilər. O cümlədən də, İlham Əliyev. O, kitabxanaya gələndə tələbələrdən seçilməməyə çalışırdı, həmişə nəzakətlə salamlaşırdı, lazım olan ədəbiyyatı götürürdü və oxumağa başlayırdı.

Onu daha çox MDBMİ-nin xüsusi fondunda saxlanılan xarici dövrü nəşrlər maraqlandırırdı. İlham Əliyev Böyük Britaniya ilə məşğul olduğundan, Amerika və Britaniya nəşrlərini oxuyurdu. O, işləmək üçün kitabxanaya demək olar ki, hər gün gəldiyindən, biz onunla tez-tez söhbət edirdik. İlham Əliyev çox oxuyurdu və bu da ona sonradan dissertasiya müdafiə etməyə kömək etdi. Onun rəhbəri bizim keçmiş rektorumuz Nikolay Lebedev idi. Yeri gəlmişkən, Lebedev heç də hamının rəhbəri olmağa razılaşmırdı. O, ancaq professional planda işləmək maraqlı olan tələbələri seçirdi.

Bizim tanışlığımız İlham Əliyev yerli partiya komitəsində işləməyə başlayanda da davam etdi. İllər keçirdi, İlham Əliyev isə ancaq yüksəyə doğru irəliləyirdi. Onun yanına gəlmək və sadəcə məsləhət soruşmaq yetərliydi. O, heç kimə, heç zaman köməkdən imtina etmirdi. Özü də partiya komitəsinin işçisi kimi deyil, sadəcə bir insan kimi. Onun ətrafında elə insanlar qrupu formalaşmışdı ki, ona məhz bu keyfiyyətlərinə görə hörmət edirdi. Siz bilirsiniz, SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsində Əliyev soyadının ətrafında vakuum yarananda, bu, İlham Əliyevə də toxundu. Amma biz bütün qüvvəmizlə bu çətin dövrdə onu dəstəkləyirdik. Axı dostlar pis dövrdə tanınır. İlham Əliyev çətin dövrlərə mətinliklə sinə gərdi. Onun atası haqqında necə sevgi və mehribanlıqla danışdığını görmək lazım idi.

Onun xeyirxah təbəssümünü indiki kimi xatırlayıram. Müəllimi Natalya Kirillovna Kapitonova onun barəsində indiyə qədər fərəh hissi ilə danışır. Bizim üçün çox xoşdur ki, İlham Əliyev indinin özündə də – müstəqil dövlətin prezidenti olan zaman da bizi unutmur. O, sonuncu dəfə MDBMİ-ni ziyarət edən zaman Raisa Vasilyevanı çağırmağı xahiş etmişdi. Yəni, insan əvvəlki kimi qalıb. Bizim mürəkkəb dövrümüzdə, bu, çox nadir hadisədir – insanları özünə cəlb etmək və insan təvazökarlığına malik olmaq.

İmkandan istifadə edərək, İlham Əliyevi yubileyi münasibətilə təbrik etmək istəyirəm! Ona can sağlığı, xoşbəxtlik və kifayət qədər çətin professional fəaliyyətində uğurlar arzulayıram. Allah ona qüvvət versin! Bu insan – tarixdir. Biz onu həmişə xatırlayırıq və hörmət edirik. O, özü haqqında MDBMİ-də yaxşı xatirələr qoyub”.

“İlham Əliyevin namizədlik dissertasiyasını müdafiəsi mübarizəsiz ötüşmədi”

MDBMİ-nin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Yuri Alekseyeviç Bulatov universitetdə 1972-ci ildən işləyir. Azərbaycan prezidentinin bugünkü uğurlarında xidmətləri olması onu çox sevindirir:

“ İlham Əliyev çox aktiv tələbə idi. O, Moskvaya xüsusi olaraq bilik almaq üçün gəldiyini deyirdi. İlham Əliyev 5-ci kursda ən yaxşı tələbələrdən biri kimi diplom ərəfəsi xarici təcrübəyə göndərilmək üçün tövsiyə olundu. O, bu təcrübəni SSRİ-nin Böyük Britaniyadakı səfirliyində keçdi. Təcrübə zamanı İlham Əliyev özünü çox yaxşı göstərdi və onun qarşısında iki seçim var idi: ya XİN sistemində operativ işə getmək, ya da MDBMİ-nin aspiranturasında təhsilini davam etdirmək. O, ikincini seçdi. İlham Əliyev «Avropa ölkələri və Amerikanın tarixi və xarici siyasəti» kafedrasının aspirantı oldu.

Mənim onunla daha sıx tanışlığım aspiranturada oxuduğu vaxt baş verdi. İlham Əliyev ictimai işlərlə aktiv məşğul olurdu, hələ dissertasiya ərəfəsində institutda işləmək arzusunu bildirdi. Bizim ali məktəbimizdə rayon komitəsi hüququna malik çox güclü partiya təşkilatımız vardı və İlham Əliyev partiya komitəsinin təlimatçısı kimi tələbə partiya təşkilatları ilə iş üzrə çox vacib sahəyə başçılıq edirdi. O, tələbələr və həmkarları arasında böyük nüfuza malik idi. Birincisi, gənc və perspektivli müəllim kimi. İkincisi, tələbə gənclərin lideri kimi. Biz onun hazırlığından, insanlara münasibətindən, problemin mahiyyətini anlamaq və təkcə onun barəsində siqnal vermək deyil, eləcə də öz həll variantını, özü də qeyri-standart həll variantını təklif etmək bacarığından öz işimizdə istifadə edirdik. Buna görə də, bu gün suveren Azərbaycanda ən yüksək postda İlham Əliyevin dayanmasında bizim üçün təəccüblü heç nə yoxdur. Çünki biz onun bilik və bacarıqlarından əminik.

Yeri gəlmişkən, onun qeyri-adi namizədlik dissertasiyası oldu. Onun gəncliyi və atasının vəzifəsi ilə bağlı heç bir güzəştə gedilmədi. Mənim yaxşı yadımdadır ki, dissertasiyanın müdafiəsi zamanı bəzi diskussiyalar meydana çıxdı. Bu diskussiyalar zamanı dissertasiya özü ikinci plana keçdi, ilk plana isə İlham Əliyevin qaldırdığı problemlər çıxdı. Və yekunda səsvermə də sovet dövründə qəbul edildiyi kimi «bizdə iki fikir ola bilməz» kimi olmadı. Bir nəfər əleyhinə səs verdi. Bu, onu göstərir ki, mübarizə vardı və bu mübarizədən İlham Əliyev qalıb ayrıldı. Beləliklə, İlham Əliyev gənc alim, tarix elmləri namizədi oldu.

Mən Heydər Əliyevin o zamankı ağır dövrlərini, ona olan təzyiqləri də yaxşı xatırlayıram.
Bu, onlar üçün mürəkkəb dövr idi. İlham Əliyev atası uçun çox böyük həyəcan keçirirdi. Amma onda siyasətçi üçün çox vacib olan keyfiyyət – zərbəyə dözmək, təzyiqə mətanətlə sinə gərmək keyfiyyəti vardı. Qorbaçovun Heydər Əliyevə münasibətdə ədalətsiz siyasətinə baxmayaraq, biz hamımız ciddi həyəcan keçirirdik və həmkarımızı dəstəkləməyə çalışırdıq. İlham Əliyev burda özü ilə bağlı elə bir atmosfer yaratmışdı ki, «yuxarıda» baş verən ədalətsizliklər heç bir halda bizim kollektivimizin ona münasibətinə təsir etmədi. Əksinə, biz dəhlizlərdə və auditoriyalarda onu daha isti salamlamağa və bununla da öz dəstəyimizi nümayiş etdirməyə çalışırdıq. O, bütün baş verənlərə mətanətlə dözürdü. Ancaq 1990-cı ildə İlham Əliyev MDBMİ-dən getmək və atası ilə bir yerdə Azərbaycana qayıtmaq qərarına gəldi.

Məni onu prezident seçiləndən sonra da görüşmüşəm. Düzdür, istədiyim qədər tez-tez görüşə bilmirik. Amma görüşlərimiz zamanı xoş xatirələr həmişə olur. Bir qədər əvvəl Bakıda idim və humanitar forumda iştirak edirdim. Prezident İlham Əliyevin forum iştirakçıları qarşısında çıxışı mənə çox böyük təsir göstərdi. Mən ona yaxınlaşa, onu salamlaya bildim. Çox xoş idi ki, bizim münasibətlərimizdəki istilik bu gün də qalıb. İlham Əliyev MDBMİ-nin işləri ilə maraqlandı, ali məktəbin kollektivinə salam göndərdi. Mən əminəm ki, Azərbaycanda siyasi idarəçilik etibarlı əllərdədir.

Bu gün İlham Əliyev ömrünün ən çiçəklənən dövrünü yaşayır. Onun 50 illik yubileyidir. Öz adımdan və həmkarlarımız adından İlham Əliyevi yubileyi münasibətilə təbrik edirəm. Ona can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzu edirəm. Əminəm ki, onun rəhbərliyi altında Azərbaycan və Rusiya arasında dostluq münasibətləri möhkəmlənməkdə davam edəcək!

“İlham Əliyev ictimai həyatda aktiv idi”

Və nəhayət, MDBMİ-nin rektoru Anatoli Vasilyeviç Torkunov. O, əvvəl tələbəsi, sonra isə həmkarı olmuş Azərbaycan prezidenti barəsində həvəslə danışır:

“Biz tanış olanda İlham Əliyev I kurs tələbəsiydi. Onda mən rektorun köməkçisi idim. O, mənə yaxşı təsir bağışladı: gənc, ağıllı, suyu şirin oğlan. Çox güman ki, o, həmin zaman bir qədər diskomfort hissi keçirirdi, çünki Moskvaya Bakıdan gəlmişdi. Amma bu diskomfortu tez bir zamanda dəf etdi, çünki kifayət qədər ünsiyyətcil və istedadlı şəxs idi. Onun tələbə yoldaşları ilə tanışlığı tez bir zamanda baş tutdu və universitetə asanlıqla adaptasiya olundu. Tələbəlik illərində bir qayda olaraq «əla» alırdı, ali məktəbin ictimai həyatında aktiv idi. Onun sonradan partiya komitəsində işləməsi də təsadüfi deyildi.

Uzun müddətli xarici ezamiyyətdən qaydandan sonra (Anatoli Vasilyeviç 1983-1986-cı illərdə diplomatik işdə işləyib – SSRİ-nin Vaşinqtondakı səfirliyində əvvəlcə ikinci, sonra isə birinci katib olub – red.) biz onunla bir kafedrada işləməyə başladıq. O zaman iki kafedranı birləşdirmişdilər – İlham Əliyev “Avropa və Amerikanın tarixi və siyasəti” kafedrasında işləyirdi, Böyük Britaniya ilə məşğul olurdu və tələbələr üçün bu ölkə ilə bağlı kurs keçirdi. Mən isə “Asiya və Afrikanın tarixi və siyasəti” kafedrasında işləyirdim və Koreya ilə məşğul olurdum. Beləcə, biz onunla bir kafedrada işləməyə başladıq.

İlham Əliyev həmişə öz həmkarlarına hörmətlə yanaşırdı. Məsələn, bu hörmət özünü onda göstərirdi ki, o, həmişə yaşca özündən böyüklərin məsləhətinə qulaq asırdı.

Mən hesab edirəm ki, MDBMİ-dəki pedaqoji və ictimai iş onun analitik, ünsiyyətcil insan kimi xarakterinin formalaşmasında çox böyük rol oynayıb. Bütün bunları biz bu gün görürük.

Mənə İlham Əliyev Azərbaycana qayıdandan sonra da onunla görüşmək qismət olub. Biz, həm o Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləyəndə, həm də Azərbaycan Respublikasına başçılıq edəndə görüşüb, söhbət etmişik. Mənə çox xoşdur ki, Azərbaycan prezidenti həm tələbəlik illərini, həm də MDBMİ-də işlədiyi illəri xoş xatırlayır. Bütün dostları, yoldaşları, qrup yoldaşları yadındadır.

İlham Əliyevi yubileyi münasibətilə ürəkdən təbrik etmək istərdim. Bu, artıq kamillik dövrüdür. 50 yaş insanın, xüsusən də Azərbaycanın və onun xalqının maraqları ilə yaşayan siyasətçinin ömrünün çiçəklənən dövrüdür. Onun özünə, eləcə də gözəl ailəsinə – həyat yoldaşına, gözəl qızlarına, oğluna xoşbəxtlik, əmin-amanlıq, sağlamlıq arzu edirəm. Əlbəttə, mən mütləq ona təbrik teleqramı göndərəcəyəm və Allah qoysa onu şəxsən görəcəyəm və təbrik edəcəyəm”.

Yeri gəlmişkən, MDBMİ-nin tələbələri olan İlham Əliyev və Anatoli Torkunov (Anatoli Vasilyeviç 1972-ci ildə MDBMİ-nin Beynəlxalq münasibətlər fakültəsini bitirib) «2009-cu ilin adamı» olublar. Bu ənənəvi illik mükafatın laureatları il ərzində ictimai, siyasi və dövlət maraqlarına xidmətdə fərqlənən şəxslər olur.

Vesti.az-ın müxbirinə İlham Əliyevin tələbə biletini göstərdilər

MDBMİ-ni ziyarətimizin sonuncu mərhələsi bu ali məktəbin Tarix muzeyinə baş çəkməyimiz idi. Muzey özü 1984-cü ildə yaradılıb, 2001-ci il sentyabrın 1-də isə yenilənmiş ekspozisiya açılıb. Muzey əməkdaşlarının sözlərinə görə, bu illər ərzində onu 7 mindən çox adam ziyarət edib. MDBMİ-nin Tarix muzeyində ən əsas eksponatlardan biri kimi İlham Əliyevin tələbə bileti saxlanılır. Amma biz tələbə İlham Əliyevin qiymət kitabçası ilə tanış ola bilmədik. Çünki qiymət kitabçası 2004-cü ildə artıq Azərbaycan prezidenti kimi MDBMİ-ni ziyarət edən zaman İlham Əliyevə hədiyyə edilib. Müəllimləri deyir ki, orda qiymətlər “əla”dı...

“Hər il ali məktəbimizin tarixi ilə tanış olmaq üçün birinci kurs tələbələrinin muzeyə ekskursiyası təşkil edilir. Biz onların hamısına danışırıq ki, İlham Əliyev bizim ali məktəbin tələbələri arasında müstəqil dövlətin ilk prezidentidir – deyə, muzey əməkdaşları bildirirlər.

Yeri gəlmişkən, elə 2004-cü ilin fevralında Azərbaycan Prezidenti kimi Rusiyaya ilk rəsmi səfərə gedən İlham Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna dəvət edilir və ona bu ali təhsil ocağının fəxri doktoru adı verilir.

P. S. Simsar.az-ın kollektivi Azərbaycan prezidenti İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, ailə səadəti və fəaliyyətində uğurlar arzulayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!