19 Dekabr, 2011
Ziyalılar Forumu Rüstəm İbrahimbəyovu gözləyir

Növbəti toplantı dekabrın 28-də, ya da 29-da olacaq 

Azərbaycan Ziyalılar Forumunun növbəti toplantısı dekabrın 28-də, ya da 29-da olacaq. Məlumatı Simsar.az saytına Azərbaycan Ziyalılar Forumunun qurucularından olan professor Rafiq Əliyev verib.

Rafiq Əliyevin sözlərinə görə, müzakirəyə hansı mövzuların çıxarılması hələ dəqiqləşməyib: “Bir neçə mövzu planlaşdırmışıq. Amma dəqiqləşdirməmişik. Forumun qurucularından olan yazıçı Rüstəm İbrahimbəyovun Moskvadan qayıtmasını gözləyirik”.

Professor forumun toplantısı üçün heç kimə dəvət göndərməyəcəklərini bildirib: “Mediada toplantının yeri, vaxtı elan olunacaq. Kim istəyir, gəlib sözünü deyə bilər. Qapılarımız bizə qoşulmaq istəyən insanların üzünə açıqdır”.

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!