15 Dekabr, 2011
Nazir orta məktəblərin akkreditasiyasına başlanması barədə əmr imzalayıb

Akkreditasiya prosesi ilkin olaraq 11 pilot məktəbi əhatə edəcək 

Azərbaycanda ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanılır. Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev Simsar.az-a açıqlamasında bildirib ki, təhsil naziri Misir Mərdanov bununla bağlı bu gün əmr imzalayıb. 

İlk olaraq Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin akkreditasiyası həyata keçiriləcək: “Bu məqsədlə komissiya yaradılacaq və akkreditasiya üçün vaxt təyin ediləcək”.

Şöbə müdirinin sözlərinə görə, akkreditasiya prosesi ilkin olaraq 11 pilot məktəbi əhatə edəcək: “Həmin məktəblər Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir. Ümumtəhsil müəssisələrinin akkreditasiyası tərtib edilən qrafikə uyğun həyata keçiriləcək”.

Xatırladaq ki, bir qədər əvvəl Təhsil Nazirliyində “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” və “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar” təsdiqlənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!