15 Dekabr, 2011
“Ələkbər əmi” göz yaşları ilə yad edildi

Onun 50 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçirilib

Mərhum əməkdar artist Ələkbər Hüseynovun 50 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçirilib. Ələkbər əmi kimi sevilən aktyorun anım mərasimi Abdulla Şaiq adına Dövlət Kukla Teatrında düzənlənib. Simsar.az-ın tədbirdə iştirak edən əməkdaşı məlumat verir ki, tamaşaçılar mərhum aktyorun xatirəsini ayaq üstə yad ediblər. Xatirə gecəsində mərhum aktyora aid video çarx nümayiş etdirilib. Sonra Ə.Hüseynovun həyat və yaradıcılığı barədə danışılıb.

Ə.Hüsenovun yaxşın dostu, əməkdar artist Ayşad Məmmədov aktyor barədə xatirələrini bölüşməyin onun üçün çox həyacanlı olduğunu qeyd edib: “Onunla Şəki teatrında çalışmışıq. Musiqi duyumu, istedadı məni özünə bağladı. Çox yaxşı dost idi. Hər Novruz bayramında əzizlərim kimi Ələkbər üçün də səməni cücərdirəm. Nə qədər ki yaşayıram, hər il belə edəcəm. Əgər bir gün onun qəbrinə səməni aparamasam, bilsin ki, o zaman artıq həm mənim üçün, həm də onun üçün səməni cücərdəcəklər”.

Xalq artisti Afaq Bəşirqızı aktyor barədə xatirələrini danışarkən göz yaşlarını saxlaya bilməyib: “O daim tələsirdi. Son zamanlarında onu hər gördüyümdə qaça-qaça harasa gedirdi. O zaman anlamırdım, amma indi başa düşürəm. O, bu günü qazanmaq üçün anasını, ömür-gün yoldaşını ovundurmaq üçün tələsirmiş. Uşaqları Ələkbər əmisiz qoymaq olmaz, o indi ruhən bizimlədir. İndiki uşaqlar Ələkbəri görməyib. Amma belə anım tədbirləri keçirməklə onu unutdurmayacağıq. Həyat davam edir, arzular çoxalır, dostların sayı azalır. Aktyora qalan yalnız həyatdaykən tamaşaçıların alqışı, gül dəstələri deyil. Həm də dünyadan köçəndən sonra yaddaşlarda yaşamaqdır”.

Əməkdar artist Ramiz Məmmədov, Rəhman Rəhmanov da mərhum aktyoru yad ediblər. Tədbirdə uşaqlıq, gənclik şəkillərindən ibarət fotokollaj sərgilənib.

Xatırladaq ki, "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı Ə.Hüseynov uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub. 1988-ci ildə A.Şaiq adına Dövlət Kukla Teatrında aktyor, 2006-cı ildə baş rejissor vəzifəsində çalışıb.
2 avqust, 2007-ci ildə vəfat edib.

Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!