12 Dekabr, 2011
Kərbəla şəhidləri və Heydər Əliyevin xatirəsi bir gündə anıldı

Seyid Camal Əzizbəyli: “Azərbaycanda dini tolerantlıq, bütünlüklə islamın özündə təriqətlərarası münasibətlər yüksək səviyyədədir”

Dekabrın 11-də tanınmış teoloq Seyid Camal Əzimbəyli Kərbəla hadisəsi zamanı həlak olan şəhidləri anma mərasimi keçirib. Simsar.az-ın məlumatına görə, tədbirdə çıxışlarla yadda qalıb. Bakı Atatürk Liseyinin tələbəsi Mirrəsul Əzimbəyli peyğəmbər sevgisi ilə bağlı şeir oxuyub, Gəncliyə Yardım Fondunun rəhbəri Əhməd Tecim çıxış edib. 

Mərasimdə Türkiyənin Bakıdakı səfirliyinin din xidmətləri müşaviri Sadıq Əraslan, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Qarabağ Qaziləri İctimai Birliyinin rəhbəri Etimad Əsədov və başqa tanınmış şəxslər iştirak edib. Şəhid ailələri, Azərbaycanda təhsil alan türk gənclər, xanımlar, mətbuatın nümayəndələri də tədbir iştirakçıları sırasında olub.

Seyid Camal Əzimbəyli bildirib ki, əsrlərdir ki, Azərbaycan xalqı Məhərrəm ayını kədər içində, xüsusi bir ağırlıqla qeyd edir. Ona görə ki, bu ay İslamın günəşi Məhəmməd peyğəmbərin “göz bəbəyi” və “qəlbimin meyvəsi” adlandırdığı İmam Hüseynin qətlə yetirildiyi aydır: “Mən də neçə illərdir ki, öz adıma bu günləri ayrıca qeyd edirəm. Tədbirimiz Kərbəla hadisələri ilə bağlı olsa da, vəfatının ildönümünə təsadüf etdiyi üçün mərhum prezidentimiz Heydər Əliyevin də xatirəsini yad etdik, bütövlükdə Azərbaycanın bütövlüyü uğrunda şəhid olan oğullarımız anıldı”.

Onun sözlərinə görə, Azərbaycanda dini tolerantlıq, bütünlüklə islamın özündə təriqətlərarası münasibətlərin yüksək səviyyədədir: “Bu tədbiri keçirməkdə məqsədimiz islamın gətirdiyi qaydaları və islam tarixinin bir parçası olan Kərbəla hadisəsini insanlara doğru aşılamaq olub. Kərbəla faciəsi bu gün Qarabağ boyda bir faciəsi olan bir məmləkətə digər ölkələrin təlimatı ilə, tapşırığı ilə deyil, Azərbaycan insanının müsəlman
kimliyi ilə bərabər, milli kimliyi bəlli olan çevrənin millətə, topluma bir mesajıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!