9 Dekabr, 2011
“Nəsrulla İmanquliyev irsi və müasir jurnalistikamız”

Bu mövzuda konfrans keçirilib

Mətbuat Şurası görkəmli jurnalist, alim və ictimai xadim, professor Nəsrulla İmanquliyevin 100 illik yubileyi ilə əlaqədar “Nəsrulla İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirib.

APA-nın məlumatına görə, tədbirdə MŞ İdarə Heyətinin üzvləri, ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri, dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, veteran jurnalistlər iştirak ediblər. Toplantıda N. İmanquliyevin ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatın inkişafındakı xidmətlərindən söhbət açılıb, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparılıb.

MŞ sədri Əflatun Amaşov Azərbaycan prezidentinin N. İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bakı Dövlət Universitetinin (BDU) jurnalistika kafedrasının müdiri Cahangir Məmmədli N. İmanquliyevin keçdiyi ömür yolundan danışıb: “BDU-da çalışmağa başlayaraq dosent, elmlər namizədi, professor elmi dərəcələrini alıb. XX əsrin 30-cu illərində tələbəlik illərindən mətbuata gəlib. Neft Texnikumunda oxuduğu vaxtlarda “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən Müharibəsinin Krım cəbhəsinə göndərilib. Burada o, “Döyüşən Krım” qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərək “Kommunist” qəzetində məsul katib işləyib və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış edib. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirib. N. İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və baş redaktoru olub. Senzuranın hakim olduğu bir dövr olmasına baxmayaraq, heç bir çətinlikdən qorxmayıb”.

Prezident Aparatı İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev N. İmanquliyevin mətbuatda Zərdabi ənənələrini davam etdirdiyini və mütərəqqi ruhlu jurnalistlər yetişdirdiyini bildirib.

Professor Şirməmməd Hüseynov isə deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yetişdirdiyi müəllimlərin sayəsində onlardan dərs alan tələbələr də savadlı, vətənini, dövlətini sevən bir ictimai xadim kimi formalaşıblar: “Nəsrulla İmanquliyevdə olan fitri istedad irsən onun qızı Aida İmanquliyevaya, nəvələri olan Nərgiz və Mehriban Paşayevlərə keçib. Bu gün biz onun bəhrəsini görürük”.

Tədbir çıxışlarla davam edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!