8 Dekabr, 2011
Qəbələ RLS-in taleyi qaranlıqdı

Azərbaycanla Rusiya arasında yeni müqavilə imzalana bilər

“Qəbələ Radiolokasiya Stansiyasının Rusiyaya icarəyə verilməsi barədə müqavilənin müddəti gələn il bitir. Azərbaycan və Rusiya tərəfi müqavilənin müddətinin uzadılması barədə danışıqlar aparmalıdır. Müqavilənin müddəti ya uzadıla, ya dəyişikliklər edilməklə uzadıla, ya da ümumiyyətlə uzadılmaya bilər. Yeni sazişin imzalanması da istisna deyil”.

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, müqavilədə əsas şərtlər əksini tapacaq: “O cümlədən icarənin qiymətinin artırılması da gündəmdədir. Buna da baxılacaq. Modernləşdirmə barədə təkliflər də müzakirə ediləcək”.

X. Xələfov deyib ki, bütün məsələlər kompleks şəkildə vahidi sənəd çərçivəsində əksini tapacaq.

Hazırda Qəbələ RLS-lə bağlı danışıqların Azərbaycan və Rusiyanın Müdafiə nazirlikləri səviyyəsində aparıldığını deyən nazir müavini daha sonra hökumətlər səviyyəsində danışıqların başlanacağını qeyd edib. Nazir müavini onu da deyib kİ, hazırda aparılan danışıqlar məsləhətləşmə xarakteri daşıyır.

“Stansiyadan üçüncü ölkəyə, yəni Ermənistana məlumatlar ötürmək mümkündürmü” sualına cavabında isə X. Xələfov “Hazırkı müqaviləyə əsasən, məlumatlar stansiyadan Azərbaycan tərəfi ilə razılaşdırılandan sonra ötürülür. Bu məlumatlar Azərbaycanın icazəsi olmadan üçüncü tərəfə ötürülə bilməz”, - deyə bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!