8 Dekabr, 2011
Dərsliklərdə səhvlər olduğu yüksək səviyyədə etiraf edildi

Məleykə Abbaszadə: “Tarix dərsliyindəki səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil”

“Azərbaycanda çap edilən orta məktəb dərsliklərində nöqsanlar var”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində də səhvlər yer alıb: “Şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər”.

TQDK sədri deyib ki, “Abituriyent” jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. M. Abbaszadə bildirib ki, qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar: “Tarix dərsliyində səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil”.

Təhsili Nazirliyi nəzdində Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə isə TQDK sədrinin fikirlərinə münasibət bildirərkən Biologiya və Tarix dərsliklərində olan səhvləri bu dərsliklərin yeni meyarlarla hazırlanmaması ilə əlaqələndirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!