2 Dekabr, 2011
Müharibə əlillərinə avtomobillər veriləcək

Sayı 304 ədəddi

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün hər il bu təbəqələrdən olan insanlar üçün 700-dən artıq mənzil inşa etdirilir. Simsar.az-ın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib. 

Fizuli Ələkbərov deyib ki, 2011-ci ilin ötən dövründə də müxtəlif bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binaları istifadəyə verilib, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Bu ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. 2012-ci ildə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq: “Yaxın günlərdə isə Şəki və Şəmkir rayonlarında əlil və şəhid ailələri üçün hər biri 36 mənzilli, gözdən əlillər üçün Bakının Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq.”

Əmək və əhalinin sosial müdafiəsi naziri qeyd edib ki, əlillərin dövlət hesabına avtomaşınlarla təminatı işləri cari ildə də uğurla davam etdirilir və bu il ərzində yerli istehsal olan, keyfiyyəti və müasir dizaynı ilə seçilən 304 ədəd “LİFAN” markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu vaxtadək 3244 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə təqdim edilib. Eyni zamanda 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!