30 Noyabr, 2011
Azərbaycanla Macarıstan pensiya və sosial sığorta sistemlərini müzakirə edib

Dövlət Sosial Müdafiə Fondu ilə Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu ilin 27-30 noyabr tarixlərində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslimovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin Baş direktoru Yozef Mezaroşun dəvəti əsasında Macarıstanda səfərdə olub. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində S. Müslimovun Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin Baş direktoru Yozef Mezaroşla, Mərkəzi Pensiya Hesablanması və İnformasiya İdarəsinin Direktoru Molnar Marta və Macarıstan Maliyyə Nəzarət İdarəsinin baş müşaviri Yozef Banyar ilə görüşləri keçirilib. 

Görüşlər zamanı iki ölkənin pensiya təminatı və sosial sığorta sistemləri ətraflı müzakirə edilib, fikir və məlumat mübadiləsi aparılıb, ekspertlər səviyyəsində danışıqlar keçirilib. Səfərin sonunda Dövlət Sosial Müdafiə Fondu ilə Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Səfər çərçivəsində S. Müslimovla Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nad arasında görüş keçirilib. Görüş zamanı sosial müdafiə sahəsində əməkdaşlığın ümumi iqtisadi əlaqələrin mühüm bir hissəsi olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyi bildirilib.

Həmçinin Azərbaycan və Macarıstan arasında sosial sığorta və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin yaxın gələcəkdə imzalanması üçün hazırlanması barədə ilkin razılıq əldə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!