24 Noyabr, 2011
Rafiq Tağı paytaxtda dəfn olunacaq

Mərhumun cənazəsi  bu gün saat 13-də yaşadığı evdən götürüləcək

Noyabrın 19-da sui-qəsdə məruz qalan,  23-də müalicə olunduğu 1 saylı paytaxt xəstəxanasında vəfat edən yazıçı Rafiq Tağı Bakıda dəfn olunacaq.

 Yazıçının qardaşı Alim Tağıyev “Media forum” saytına açıqlamasında bildirib ki, mərhumun cənazəsi noyabrın 24-də təxminən saat 13-də yaşadığı evdən (Ələddin Quliyev küçəsi, 2 A; Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının yaxınlığı) götürüləcək. Rafiq Tağı günün ikinci yarısında “Qurd Qapısı” deyilən ərazidəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Rafiq Tağının bıçaqlanması hadisəsinə görə, Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinə göndərilib. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


 Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!