18 Noyabr, 2011
Gələn ilin mayında Bakıda dilənçilər olmayacaq

"Eurovision"a görə təmizləmə əməliyyatı keçiriləcək

“Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan paytaxtında təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov deyib. Onun sözlərinə görə, Bakı polisi gələn il paytaxtda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə yüksək səviyyədə hazırlaşır: “Artıq bir neçə aydır ki, polis əməkdaşlarının bilik və intellektual səviyyələrinin artırılması, onların xarici dillərə yiyələnməsi məqsədi ilə xüsusi kurslar təşkil edilib. Bundan başqa mahnı müsabiqəsi keçiriləcək dövrdə polis əməkdaşların mövsümə uyğun geyinəcəkləri geyim formaları indidən dəqiqləşdirilir. Bir sözlə Bakı polisi “Eurovision” mahnı müsabiqəsinə yüksək səviyyədə hazırlaşır”.

S. Bağırov bildirib ki, “Eurovision” mahnı müsabiqəsinə kimi paytaxt küçələrindən dilənçilər yığışdırılacaq: “Daxili İşlər Nazirliyinin rəhbərliyi “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi ərəfədə paytaxtda bir sıra mühüm işlərin görülməsi barədə xüsusi göstəriş verib. Həmin göstərişə əsasən, paytaxt polisinə Bakı şəhərində təmizlik işlərinin aparılması, küçələrdən dilənçilərin yığışdırılması və bir sıra mühüm vəzifələr tapşırılıb. Deyə bilərəm ki, bütün bu işlərin icrasına artıq başlanılıb və müsabiqəyədək sona çatdırılması nəzərdə tutulub”.

S. Bağırov həmçinin qeyd edib ki, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar artıq Bakıda pasport rejiminə başlanılıb: “Təhlükəsizlik tədbirləri çərçivəsində paytaxtda gələn və bu günədək Bakıda qeydiyyata düşmədən yaşayan şəxslərin hamısı qeydiyyata alınacaq və bu proses müsabiqəyədək başa çatdırılacaq. Bu təhlükəsizlik baxımından çox vacib məsələlərdən biridir. Mən əminliklə deyə bilərəm ki, Azərbaycana gələcək xarici qonaqların təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq. Biz çalışacağıq ki, müsabiqə zamanı Bakıya təşrif buyuran xarici qonaqlar paytaxtı yüksək əhval ruhiyyə ilə tərk etsinlər”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!