18 Noyabr, 2011
"Biz öz aramızda hər şeyi həll etdik"

Bu fikir Rusiya Federal Təhlükəsizlik Xidmətinin Cənub Regional Sərhəd İdarəsinin rəisinə məxsusdur 

Simsar.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Cənub Regional Sərhəd İdarəsinin rəisi, general-polkovnik Nikolay Lisinski verib.

Hazırda hər iki tərəfin həm quru, həm də dəniz sərhədlərində vəziyyətlə bağlı mütəmadi məlumat mübadiləsi apardığını deyən rusiyalı generalın sözlərinə görə, Rusiya tərəfdən bu işlə Dağıstan Sərhəd İdarəsində yaradılmış Koordinasiya Şöbəsi məşğul olur: «Biz öz aramızda bütün məsələləri həll edirik. Xəzər dənizinə çıxışla bağlı istənilən məsələlərdə Azərbaycanı məlumatlandırırıq».

Hər iki ölkənin müvafiq qurumlarının transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə və sıx əməkdaşlıq şəraitində çalışdığını deyən rusiyalı general belə hallarda, sərhəddə saxlamalar olduqda tərəflərin bir birini xəbərdar etdiklərini vurğulayıb.

General görüşdə sərhəd mühafizələri arasında ikitərəfli əməkdaşlıq planının detallarının müzakirə olunduğunu əlavə edib.

«Azərbaycan və Rusiyanın dövlət sərhədində mübahisəli məsələ qalmayıb. Artıq sərhəd müqavilələri parlamentlərdə ratifikasiya olunub», - deyə general Xaçmaz rayonundakı Xraxoba məntəqəsi ilə bağlı yaranmış problemə dair sualı cavablandırarkən deyib.

N. Lisinskinin sözlərinə görə, bu tip problemlər sərhəd idarələri tərəfindən həll oluna bilər və ona görə də dövlət səviyyəsində qaldırılmasına ehtiyac yoxdur. Analoji problemlər Rusiyanın Ukrayna və Qazaxıstanla sərhədində də mövcuddur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!