4 Noyabr, 2011
"Azərcell" ittihamlar səsləndirdi

Mobil operatorlar savaşa qalxdı

“Azərbaycanı 3G-dən məhrum edirlər. Mən “Azercell”in MDB ölkələri arasında 3G-yə görə ən geridə qalmasını həzm edə bilmirəm”. Simsar.az-ın məlumatına görə, bunu “Azərcell”in prezidenti Ali Ağan bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 3G ilə bağlı onlara verilən tezliyi B&B TV şirkəti istifadə etmədiyi halda boşaltmır: “Onlar bu tezliyi boşaltmaq üçün 2 ay vaxt istəmişdilər. Bu vaxt oktyabr 27-də başa çatıb. Amma hələ də tezliyi boşaltmayıblar və bundan imtina edirlər. Biz bu işlə xüsusi olaraq məşğul olan beynəlxalq şirkət vasitəsi ilə araşdırma aparmışıq və əlimizdə sübut var ki, hazırda o tezlik boşdur və istifadəsizdir. Lakin bilmirik nəyə görə B&B TV bizə əngəl olur və qarşımızda maneə yaradır”.

Ali Ağan B&B TV-nin onu qanunları bilməməkdə ittiham edən açıqlamasına da münasibət bildirib: “Şirkətlər arasında belə qarşılıqlı açıqlamaların verilməsi doğru deyil. Lakin mən həmin şirkətin açıqlamasına cavab vermək məcburiyyətindəyəm. Həmin şirkətin rəhbərliyinin qanunvericilikdə xəbərləri varsa, onlara sual vermək istəyirəm. Mümkündürsə, bu sualları cavablandırsınlar:

Onlar bu tezliyin boşaldılması üçün bizdən pul istəyirlər. Cavab versinlər ki, nə qədər pul istəyirlər?

Azərcell bu dəqiqə də həmin pulu verməyə hazır olduğunu bildirdiyi halda nə üçün o pulu qəbul etmirlər?

Azərfona verilən 3G tezliyi də B&B TV-yə məxsus olub. Açıqlasınlar ki, bu tezliyi onlara vermək üçün pul alıblarmı?

Və nəhayət antirəqabət şəraiti yaratmaq özü qanunu pozmaq deyilmi?”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!