4 Noyabr, 2011
ASSİTEJ Azərbaycan Milli Mərkəzi birinci toplantısı keçirilib

Təşkilatın əsas məqsədi dünyanın hər yerindən olan uşaqlara ən yüksək standartlara malik teatrları göstərməkdir

Noyabrın 3-də Gənc Tamaşaçılar Teatrında UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk toplantısı keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, toplantını giriş sözü ilə açan ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan festivalda 16 ölkədən 20-dən çox kukla teatrı iştirak edir. ASSİTEJ haqqında danışan direktor Gənc Tamaşaçılar Teatrının böyük səs çoxluğu ilə UNESKO nəzdində Uşaq və Gənclər teatrları Beynəlxalq ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilən qurultayında sözügedən qurumun üzvlüyünə qəbul edildiyini diqqətə çatdırıb: “Qurultay zamanı Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi élan olunub. Mərkəzin sədri isə teatrın direktoru olaraq mən seçilmişəm. Dünyanın ən nüfuzlu 85-dən çox teatrı bu təşkilatın üzvüdür. Arxiv materiallarını araşdıranda öyrəndim ki, bizim teatr Sovet dönəmində 1960-cı illərdə də bu təşkilata üzv seçilib. Hətta teatrımızın əvvəlki binasında Zaqafqaziya ölkələrinin gənc tamaşaçılar teatrlarının seminarı da keçirilib”.
Mərkəzin fəaliyyət proqramı haqqında ətraflı məlumat verən sədrfASSİTEJ-ə üzv seçilməklə teatrın müxtəlif beynəlxalq tədbirlər, festivallar, seminarlarda iştirakının daha geniş xarakter alacağını diqqətə çatdırıb.

ASSİTEJ-in prezidenti İvetta Hardi çıxışında təşkilatın fəaliyyəti haqqında danışaraq, qurumun əsas məqsədini diqqətə çatdırıb: “Bizim təşkilatın əsas məqsədi dünyanın hər yerindən olan uşaqlara ən yüksək standartlara malik teatrları göstərməkdir. Inanırıq ki, bu kiçik yaşlarından teatra gedən uşaqların gələcək həyatlarında müsbət təsirini göstərəcək. Bu, həm də qloballaşan dünyada insanın özünü təsdiq etməsi qədər önəmlidir. ASSİTEJ-in əsas amalı dünyanın müxtəlif ölkələrinin teatrlarında olan problemləri həll etməkdir. Bunun üçün hər il müxtəlif ölkələrdə 100-dən artıq festivallar həyata keçirilir. Azərbaycanla da bundan sonra daha sıx ünsiyyətdə olmaqla təcrübə mübadiləsi etmək hər iki tərəf üçün geniş imkanlar açacaq”.

Azərbaycan İctimai - Siyasi Universitetinin rektoru, İqtisad elmləri doktoru, professor Rasim Nəbiyev ölkəmizin nüfuzlu təşkilata üzv seçilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Xalq artisti Ağaxan Salmanlı, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə, Alman –Azərbaycan cəmiyyətinin sədri, Bakı Slavyan Universitetinin professoru Çingiz Abdullayev, Bakı Uşaq Teatrının nümayəndəsi Arzu Soltan və başqaları çıxış edərək ASSİTEJ-ə üzv seçilməklə teatrın dünya arenasına çıxışının daha geniş xarakter alacağını diqqətə çatdırıblar.
Qeyd edək ki, toplantıdan öncə təşkilatın növbəti toplantısının gələn ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.

Teatrın mətbuat xidməti

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!