2 Noyabr, 2011
İran prezidenti Hacı olur

Kral Əhmədinejadı ziyarətə dəvət edib

Səudiyyə Ərəbistanı kralı İran prezidentinin Həcc ziyarətinə dəvət edib. APA-nın məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejad artıq dəvəti qəbul edib və gələn həftə Səudiyyə Ərəbistanına gedəcək. Qeyd edək ki, İran prezidenti Həcc ziyarətinə getmək istədiyini, lakin bunun üçün Səudiyyə kralından dəvət gözlədiyini bəyan etmişdi. İran prezidentinin müşaviri bildirib ki, Səudiyyə kralının hansısa dövlətin rəhbərini Həcc ziyarətinə dəvət etməsi ilk dəfə baş verir: “Bu, iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olacaq”.

Xatırladaq ki, bir ay əvvəl ABŞ xüsusi xidmət orqanları İran casuslarının Səudiyyə Krallığının Vaşinqtondakı səfiri Adel əl-Cübeyri öldürmək istədiyini açıqlayıb. Bu açıqlama İranla Səudiyyə Krallığı arasında diplomatik qalmaqala səbəb olub, hər iki ölkə bu iddia ilə bağlı BMT-yə müraciət edəcəyini bəyan edib.

Bundan əvvəl isə Bəhreyndə şiə üsyanının yatırılmasında Səudiyyə Krallığının iştirak etməsi İranla bu ölkə arasında münasibətlərin soyumasına səbəb olub. Tehran bəyan edib ki, üsyan qanunidir və üsyançılara hər cür dəstək verəcək.

Qeyd edək ki, Tehran və Ər-Riyad Fars Körfəzi regionunda əsas siyasi, dini və iqtisadi rəqiblər sayılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!