1 Noyabr, 2011
XALÇAÇILIQ NİYƏ BU GÜNDƏDİ? -FOTOSESSİYA

Faiq Osmanov: “Belə işlərin dəyəri zaman keçdikcə bilinir”

Xalçaçı rəssam Faiq Osmanov Gəncədə yaşayır. İkiotaqlı evinin bir otağını emalatxana edən rəssam xalçaları da elə burda toxuyur. F.Osmanov Gəncə Dövlət Rəsm Qalereyasının direktoru və Gəncə Xalça Yaradıcılıq Birliyinin sədridir. 1988-ci ildə Pedoqoji Texnikumun təsviri incəsənət fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Dövlət İncəsənət İnstitutunun dekorativ-tədbiqi sənət fakültəsində davam etdirib. Xalçaçı rəssam Lətif Kərimovdan dərs alıb.
“İndi əsl xalça toxuyanlar azdır əsasən pul xətrinə toxuyurlar. Onun da keyfiyyəti olmur”- deyir müsahibim.
Xalçaların keyfiyyəti toxunuşun sıxlığından asılıdır. F.Osmanov bildirir ki, bölgə xalçaları bir-birlərindən sıxlığına və formasına görə fərqlənir: “Xalçanın hər 10 santmetrində 60 ilmə olmalıdır. Onları artırıb-azaltmaq da olar. Məsələn, Bakı-Şirvan xalçalarının toxunuşu sıx, ornamentləri incə, Gəncə-Qazax xalçalarınınsa toxunuşu seyrək, ornamentləri kobuddur. Seyrək xalçaları heç bir alətin köməyi olmadan, əllə toxunmaq olur. Təbriz xalçaları 70 ilməylə toxunur və zərifliyi ilə seçilir”.
Xalçaçı divardakı 120 ilməylə ipəkdən toxunan xalçanı göstərir. İlk dəfə sınaqdan keçirilən bu toxunuşa görə İspaniyanın paytaxtı Madrid şəhərində qızıl medala layiq görülüb. Lakin maliyyə çətinliyi üzündən həmin medalı ala bilməyib: “Ora getmək xərci çox idi, imkan olmadı”.


Xalçaya köçən rəsimlər

F.Osmanovun işlərini İspaniyadan, Amerikadan, Almaniyadan alanlar olub. Onun sözlərinə görə, xarici vətəndaşlar maraqlı kompazisiyalara üstünlük verirlər.
Xalçaçı rəssam bir sıra şəxsi və dövlət sifarişli portretlər hazırlayıb: “Ramil Usubovun və İlham Əliyevin portretlərini toxumuşam. Çalışıram siyasi sifarişləri az götürüm ki, qalmaqal yaranmasın”. Xalçaçının əl işləri sırasında Fikrət Əmirovun əsərlərinə həsr olunan yaradıcılıq nümunələri də yer alır.
Şəxsi sifarişləri az qəbul etdiyini deyən, F.Osmanov hazırda bir illik müqavilə əsasında rəssam Tahir Salahovla işləyir. Onun rəsmlərini xalçaya köçürür: “Tahir müəllim əsərlərini xalçalarda əks etdirmək istəyirdi. Mənim işlərimi görüb bəyənmişdi” .
F.Osmanovun sözlərinə görə, milli ornamentli xalçalarda saya yerlər çox olduğundan onları toxumaq daha asandır. Şəkil üzərində toxuma isə çətindir. Yaradıcılıq üslubunda toxunan xalçalarda xəttlər, döngələr hamısı dəqiq olmalıdır ki, ilmələr qarışıq düşməsin: “Yaradıcılıq işində qayda belədir ki, heç bir naxış, ornament əlavə etmədən xalçanı olduğu kimi toxumalısan. Milli ornamentli xalçalardasa ürəyinin istədiyi kimi əlavələr etmək mümkündür”.


“Satmaq günahdır”

Xalçaçı rəssam hazırladığı işlərin texnologiyayasına önəm verdiyini söyləyir. Xalçalarda əks etdirdiyi ornamentlər də öz yaradıcılığıdır, heç bir kitabdan götürülməyib. Bu baxımdan qeyri-adiliyi ilə seçilən əl işlərində öz imzasını da toxuyur: “Mən xalçaların sayına yox, sənətə fikir verirəm. Satılmasa da əsas odur ki, gözəl olsun və qədimliyi əks etdirsin”.
Bir xalça təxminən bir ilə və ya il yarıma toxunur. F.Osmanovun fikrincə, əziyyətlə başa gəlsə də işlərin dəyəri zaman keçdikcə bilinir. Qiymətlərsə xalçanın keyfiyyətindən və orijinallığından asılıdır: “Elə mallar var, yalnız sərgilərdə göstərilir, onları satmaq günahdır”. Müsahibimə “Belə əziyytələ ərsəyə gələn xalçaları döşəməyə sərmək doğrudurmu?”-sualını verirəm: “Əlbəttə, əsasən milli xalçalar yerə sərilir. Elə milli naxışlar var ki, döşəməyə sərilmək üçün uyğundur. Lakin bəzi mövzulara həsr olunan yaradıcılıq işlərini ayaqaltına sərmək doğru olmaz”.
Xalçalar ipəkdən və yundan toxunur. İpəkdən hörülən xalçalar parıltılıdır. Xalçalrda rəng uyumu da bölgələrlə fərqlənir. Azərbaycan xalçalarında daha çox tünd rənglərə üstünlük verirlər. İplərin boyanmasında təbii rənglərdən istifadə olunur. Məsələn, qızrmızı rəng nar, qara rəng qoz, qızılı rəng soğan qabığından alınır. Qoyunun belindəki yundan boyaqsız qəhvəyi rəngli sap əyirirlər.


Xalçaçılığa maraq azalıb

Xalçaçılıq sənətini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq məqsədilə 1998-ci ildə Xalça Yaradıcılıq Birliyi qurulub. Qədim xalça çeşidlərini də üzə çıxarmaq birliyin vəzifələrindəndir: “Azərbaycandan kütləvi şəkildə xalçalar oğurlanır. Onlara nəzarət edirik. Mən Gəncə-Qazax bölgəsindəki qədim xalçaları kolleksiya kimi toplayıram”.
Binası olmayan birlik bir sıra layihələr gerçəkləşdirib. Onlardan biri olan əlillərin incəsənətə cəlb edilməsi üzrə layihə “Avrasiya” fondu ilə birgə həyata keçirilir. Layihəyə uyğun olaraq F.Osmanov iki tələbəyə xalça toxuma sənətini öyrədir: “Uzun müddət əlillərlə işləmişəm. Amma yer problemi var. Evdə həm işləmək və tələbə hazırlaşdırmaq çətindir. Otaq darısqaldır, həm evdə antisanitariya yaranır. Şəxsi təşkilat olduğundan deyirlər özümüz maliyyələşdirməliyik. Lakin buna maddi imkan yoxdur”.
F.Osmanov deyir ki, Gəncədə xalçaçılıq kortəbii inkişaf edir: “Əvvəllər maraq vardı, indisə hər kəs kompüter işlərinə meyillidir. Dədə-babadan gələn peşənisə davam etdirənlər azdır. Gələnlərin də çoxu heç nə bacarmır. Bu sahədən anlayışı olmayanlar yığışır ki, pulun gücünə nəsə hazırlasınlar, amma heç nə toxuya bilmirlər. Biabırçılıqdı, bunun qarşısını almaq lazımdır”.
F.Osmanov bu sənətə marağın azalmasını xalçaçılığın səbr tələb edən peşə olması ilə də əlaqələndirir: “Oturaqlı işdir, gərək bütün gününü sərf edəsən. Xalçaçılıqdan əlavə, Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyirəm. Yalnız xalça toxumaqla ailəni dolandırmaq çətindir”.

Arifə Mikayılova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!