28 Oktyabr, 2011
Mollalar lisenziyalaşdırıla bilər

İslamdan xəbəri olmayanın əlinə bir bloknot alıb “Yasin” oxuması ilə tez-tez rastlaşırıq

“Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi dini sahə olmasına baxmayaraq, din xadimlərinin də sahəsi bir fəaliyyət növüdür. Bunun üçün onların da fəaliyyəti də lisenziyalaşdırılmalıdır”. Lent.az-ın məlumatına görə, bu təklifi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputat Rəfael Cəbrayılov verib.

O, qeyd edib ki, bu, din xadimlərinin qanunvericiliyə zidd hərəkətlər etməsinin qarşısını alar, eyni zamanda onların fəaliyyətini tənzimləmiş olar: “İslamdan xəbəri olmayanın əlinə bir bloknot alıb “Yasin” oxuması ilə tez-tez rastlaşırıq. Bunlara son qoyulmalıdır. Bundan başqa, müxtəlif yollarla bərabər, dövlət xətti ilə də xarici ölkədə dini təhsil alıb gələnlər var. Onların hamısına bir gözlə baxmaq olmaz. Sadəcə lisenziyalaşdırmanı tətbiq etməklə bu məsələni qanuni müstəviyə gətirmək olar”.

Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların islam dininə aid ayin və mərasimlər həyata keçirməsinin qadağan edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə millət vəkili Çingiz Qənizadənin münasibəti maraqlı olub. O xatırladıb ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Özbəkistanın Səmərqənd şəhərində təhsil alıb: “Məsələyə bu cür yanaşılması ortaya bu tip bəzi suallar çıxara bilər. Ona görə də dini ayinlər həyata keçirən din xadimləri ilə bağlı məsələdə ortaq məxrəcə gəlmək lazımdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!