28 Oktyabr, 2011
Cinayət Məcəlləsinə dini təbliğatla bağlı əlavələr edilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan haqları komitəsi ilə birgə keçirdiyi iclasında Azərbaycanda müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatları və digər materialları istehsal, idxal edən, satan və yayanların cinayət məsuliyyətinə cəlb olunması təklif edilib.

İclasda Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişikliyə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu materiallar istehsal, idxal etmə, satma və yaymaya görə 167-2 maddəsi əlavə olunub.

Həmin maddəyə görə, 5000 manatdan 7000 manatadək cərimə və ya iki il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllərin təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya vəzifəli şəxs tərəfindən törədilməsinə görə 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Təklif olunan digər dəyişikliyə görə, Cinayət Məcəlləsinin 167-ci (dini ayinləri icra etməyə mane olma) maddəsinin sanksiyası ağırlaşdırılaraq nəzərdə tutulan cərimənin məbləği 100-500 manatdan 1000-2000 manatadək artırılıb. Cinayət Məcəlləsinin 167-1.1, 167-1.2 (dini etiqad etməyə məcbur etmə) maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin məbləği 500-1000 manatdan 3000-5000 manatadək artırılacaq. 167-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulan 1000-2000 manatadək cərimənin məbləğinin 7000-9000 manatadək artırılması təklif olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!