27 Oktyabr, 2011
FACİƏLİ STATİSTİKA

100 min doğuşdan 38 ana ölür

Dünya əhalisinin sayının 7 milyarda çatması ilə əlaqədar BMT-nin Əhali Fondu “Dünya əhalisinin durumu-2011” (“State of world population-2011”) adlı hesabat açıqlayıb. Planet əhalisinin əsas inkişaf tendensiyalarını əhatə edən hesabatda insanların sağlamlığı, təhsili, ömür uzunluğu və həyat keyfiyyətinə birbaşa təsir edən cəhətlər əks olunub.


BMT-yə görə, dünya əhalisinin 1,8 milyard nəfərini 10 və 24 yaşı arasında olan yeniyetmə və gənclər təşkil edir. Hesabatda dünya ölkələrində ana və uşaq ölümü hallarına da ətraflı nəzər salınıb.


Sənədə görə, Azərbaycanda beş yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə təqribən 33 ölüm düşür. Hər 100 000 doğuş zamanı isə 38 ana dünyasını dəyişir. Hesabata görə, Azərbaycanda hər 1000 doğuşdan 42-si 15-19 yaşlı ananın payına düşür. Ölkədə doğuşların 88%-i peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda, qalan 12% ev şəraitində və peşəkar tibbi yardım olmadan baş verir.


BMT ekspertləri bildirirlər ki, Azərbaycanda məktəbli uşaqların 95-97%-i ibtidai və orta təhsil almaq imkanına malikdir. Savadlılıq dərəcəsi isə 100% təşkil edir.


Ümumi göstəricilərə gəlincə, Azərbaycan əhalisi 9.3 mln., onlardan kişilər 4,6 mln., qadınlar isə 4.7 mln. nəfərdir. Şəhər əhalisi 52% təşkil edir. BMT-yə görə, Azərbaycanda 2010-2015-ci illər arası əhali 1,2% artacaq.

Hesabatda digər maraqlı cəhət isə odur ki, 2010-2015-ci illər arası ölkədə kişilərin orta ömür uzunluğunun 68, qadınlarda isə 74 il təşkil edəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!