26 Oktyabr, 2011
AZYAŞLI QIZINI ƏRƏ VERƏNLƏRƏ CİNAYƏT İŞİ QALDIRILA BİLƏR

Belə valideynlər 4 il azadlıqdan məhrum edilə bilər

Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında Ailə və Cinayət məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan 176-1-ci maddə əlavə olunması təklif edilir.

Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!