25 Oktyabr, 2011
“Kür qaçqınları” üçün tikilən evlərdə problemlər yaranıb

“Kür” Qərargahı daşqınlarla bağlı salınmış yeni qəsəbələrdə monitorinqlərə başlayıb

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ötən həftənin sonlarında İmişli rayonunun Telişli kəndində salınmış 104 evlik qəsəbədə monitorinq aparıb.
Monitorinq zamanı Qərargah üzvləri qəsəbə sakinləri ilə görüşüb, onları narahat edən problemləri dinləyıb və yeni qəsəbədə tikilən evlərə baxış keçiriblər. İnsanları narahat edən məsələlər qəsəbədə onlar üçün ayrılan 12 sotluq həyətyanı torpaq sahəsinin azlıq təşkil etməsi, iş yerlərinin olmaması, evlərində problemlərin əmələ gəlməsi və s.- dir.

Yeni salınmış qəsəbədə dolanışıq və yaşayışın normal olmaması səbəbindən bir şox insanlar qəsəbəyə köçmür, köhnə kənddə qəzalı və təhlükəli vəziyyətdə olan evlərində yaşayırlar.
Monitorinq zamanı bir çox evlərdə evə giriş pilləkəninin, aynəbəndin və döşəmənin çatlaması, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarların çatlaması və çəkilmiş üzlüklərin qopub tökülməsi, novalçaların olmaması ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb.

Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir. Qəsəbədə yeni çəkilmiş asfalt yolların da ovulması, bəzi yerlərdə dağılması və s. kimi məqamlar mövcuddur.
RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!