25 Oktyabr, 2011
Azərbaycan xilasediciləri 8 nəfəri dağıntılar altından çıxarıb

Cahangir Qulamov: "Əməliyyatlar nəticəsində 5 nəfərin cəsədi çıxarılıb, 3 nəfər zərərçəkən isə xilas olunub"

Azərbaycandan Türkiyənin Van bölgəsinə yollanmış xilasedicilər artıq dağıntılar altından 5 meyit və 3 yaralı çıxarıblar. Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin rəisi Cahangir Qulamov ANS-ə son məlumatları verib. Onun sözlərinə görə, dünən gecə saatlarında Azərbaycan xilasediciləri Vana gəlib çatıb: “Van vilayətinin Ərciş şəhəri zəlzələnin episentridir. Saat 2-də xilasetmə əməliyyatlarına başladıq. Keçirilmiş əməliyyatlar nəticəsində 5 nəfər həlak olmuş insanın cəsədi çıxarılıb, 3 nəfər zərərçəkən isə xilas olunub”.

C.Qulamov deyib ki, xilasetmə əməliyyatı növbəli rejimdə davam edir: “Bizə 68 nəfər əlavə qüvvə göndərilir. Bu gün də yerin altından bəzi yerlərdən səslər gəlir. Burada müxtəlif qruplar işləyir. Xilasetmə əməliyatlarında qərargahdan məlumat gəlməsə ki, onlar, yəni xilas olunanlar artıq yoxdurlar, işlər davam etdiriləcək”.

FHN rəsmisi deyib ki, eyni zamanda hadisə yerində kəşfiyyat işləri aparılır və hadisə yerinə təkrar baxış keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!