22 Oktyabr, 2011
Qərbin Liviyada silahlı çevrilişi beynəlxalq hüquqa uyğundurmu?

Rüstəm Məmmədov: «Burada əsas məsələ kimi xalqın öz müqəddəratını həll etməsi götürülür»

Liviyada baş verən üsyanda diqqəti cəlb edən əsas məqam NATO və bəzi Qərb dövlətlərinin hakimiyyətin devrilməsində silahlılara hər cür yardım göstərmələridir.

Bu vaxta qədər Qərb avtoritar hakimiyyətlərin devrilməsi üçün demokratik qüvvələrə siyasi, maddi dəstək göstərib, hakimiyyətə qarşı sanksiyalar tətbiq edib. Liviyada isə Qərb koalisiyası Qəddafiyə qarşı silahlılarla birgə savaşdı. Məlumatlara görə, doğma yurdunda Qəddafinin yerini müəyyənləşdirən və onun olduğu avtomobilə ilk hava zərbələri endirən məhz fransızlar olub.

Liviyada baş verən silahlı çevrilişdə Qərb hərbi qüvvələrinin iştirakının beynəlxalq hüquqi əsaslarına
münasibət öyrənmək üçün Simsar.az-ın əməkdaşı Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədova müraciət edib.

R.Məmmədov qeyd etdi ki, 42 illik avtoritar hakimiyyəti dövründə Qəddafiyə qarşı xalqın nifrəti ildən-ilə artırdı: «Prezident, siyasətçi özünü o səviyyəyə çatdırmasın ki, sonda hansısa kanalizasiya borusunun içərisinə sığınmaq həddinə çatsın. Səddam Hüseynlə, Qəddafinin aqibəti təxminən eyni oldu. Sonda kimsəsiz qaldılar. Biri asılaraq öldü, digəri yerindəcə. Burada əsas məsələ kimi xalqın öz müqəddəratını həll etməsi götürülür. Xalq istəsə prezidentini sevə-vevə yola salar, istəsə söyə-söyə. Bəli, Liviyada baş verən hadisələrdə beynəlxalq təşkilatlar, xarici ölkələr xalqın tərəfəində durdu və dikatora qarşı silahlı mübarizədə iştirak etdilər. Burada beynəlxalq hüquq normalarının pozulmasından söhbət gedə bilməz. Bu, xalqın seçdiyi mübarizə yoludur. Başqa məsələdir ki, bu yol xarici ölkələrin, beynəlxalq təşkilatların maraqlarına nə dərəcədə cavab verir».

R.Məmmədov onu da bildirdi ki, bütün dikatorların aqibətini belə acı sonluqlar gözləyir: «Baş verənlər göstərir ki, dünyada diktaturaya yer yoxdur».

RUSLAN




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!