18 Oktyabr, 2011
"Dövlət büdcəsi haqqında " qanun layihəsi parlamentdə

Layihə gələn həftə deputatlara paylanacaq

“Azərbaycanın 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə (MM) daxil olub.


“APA-ECONOMICS”in xəbərinə görə, bunu MM-in İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov jurnalistlərə açıqlamasında bildirib. V. Əhmədov deyib ki, sənəd hazırda MM aparatındadır. Layihənin gələn həftə deputatlara paylanacağı gözlənilir.

Qeyd edək ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 16 436,4 mln. manat, xərcləri 16 984,4 mln. manat, kəsiri isə 548 mln. manat səviyyəsində nəzərdə tutulub. Gələn il ARDNF-dən daxilolmalar 9,9 mlrd. manat və ya ümumi büdcə daxilolmalarının 60,3%-ni, Vergilər Nazirliyindən - 5,3 mlrd. manat (32,3%), Dövlət Gömrük Komitəsindən - 1,2 mlrd. manat (7,3%) təşkil edəcəyi proqnozlaşdırılır. Digər daxilolmalar isə ümumi büdcə mədaxilinin 0,1%-ni təşkil edəcək.

Vergilər Nazirliyinin xətti ilə daxil olan ümumi vəsaitin 3,2 mlrd. manatı və ya 59,9%-i qeyri-neft sektorunun, 2,1 mlrd. manatı və ya 40%-i isə neft sektorunun payına düşəcək.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən vəsait 2011-ci ilin proqnozuna nisbətən 5,7% çox olacağı gözlənilir.

ARDNF-dən 2012-ci il ərzində dövlət büdcəsinə transfertlər cari ilin sonuna gözlənilən transfertlərin həcmindən 700 mln. manat və ya 7,6% çoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!