18 Oktyabr, 2011
İTALİYALI BAKIDA QIZIL MEDAL ALDI-FOTOSESSİYA

Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vuruldu

 

Dünən Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi və mükafatlandırma mərasimi baş tutdu. 1906-cı ildə işıq üzü görən, bütün müsəlman Şərqində ilk satirik jurnal olan “Molla Nəsrəddin” məcmuəsinin 105 illiyinə həsr olunan “Molla Nəsrəddin- Azərbaycan” müsabiqəsi “Narkotiklərə Yox” başılığı altında keçirilib. Müsabiqəyə 63 ölkədən 307 rəssam 670 əsəri ilə qatılıb.

Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatının Federasiyasının dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə münsiflər heyəti qismində iştirak etmək üçün tanınmış karikatura ustaları da dəvət olunub. Amerika Birləşmiş Ştatlarından Andrey Feldşteyn, Rusiyadan Mixail Zlatkovski, Fransadan Bernard Boton, İrandan Rəhim Baqqal Əsgəri, Bolqarıstandan Valentin Qeorqiyev, ölkəmizdən isə Bayram Hacızadə dəvətlilər içərisində idi.

Müxtəlif ölkələri təmsil edən rəssamlar narkomaniya kimi ciddi bir bəlaya öz etiraz səslərini ucaldaraq, bir-birindən maraqlı və orijinal əsərləri ilə müsabiqəyə qatılıblar. Bu da narkomaniyanın dilindən, dinindən və irqindən asılı olmayaraq, hər bir insan üçün eyni dərəcədə ağrılı problem olmasının əyani göstəricisidir.

Sonda mükafatlandırma oldu. Münsiflər heyətinin qərarına əsasən müsabiqədə qızıl medala İtaliyadan Alessandro Qatto, gümüş medala Ukraynadan Vladimir Kazanevski, bürünc medala İspaniyadan Marat Valiaxmetov, xüsusi mükafatlara isə Rusiyadan Stanislav Aşmarin, İsraildən isə Boris Erenburq layiq görüldü.
Azərbaycanlı karikaturaçı Tural Həsənlinin əsəri isə Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirildi.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!