17 Oktyabr, 2011
Dağ başında veb-kamera

İldırım vuran Avtomat Meteoroloji Stansiyanın fəaliyyəti bərpa olunub

Azərbaycan meteorologiyasında mühüm rol oynayan hidrometeoroloji rejimi öyrənmək məqsədilə 2010-cu ilin avqustunda Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmış Avtomat Meteoroloji Stansiyadan qısa müddətli fasilədən sonra hava haqqında məlumatların Milli Hidrometeorologiya Departamentinə müntəzəm ötürülməsi bərpa olunub. Lent.-azın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən qış mövsümündə Tufandağ ərazisindəki Avtomat Meteoroloji Stansiyadan məlumat ötürülməsi kəsilibmiş.


Səbəblərini araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin və Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupu Tufandağ Avtomat Meteoroloji Stansiyasına baxış keçirib. Güclü küləklər və ildırım vurma səbəbindən ötürücü antena aşdığı məlum olub.


Görülən tədbirlərin nəticəsində stansiya tam bərpa olunmuş və 15 avqust 2011-ci il tarixdən məlumatlar avtomatik rejimdə mərkəzi proqnozlar bürosuna daxil olmağa başlayıb.


Qeyd edək ki, stansiya küləklə işləyən elektrik generatorundan və günəş panellərindən qidalanır. Hazırda stansiyada veb kameranın quraşdırılması işlərinə hazırlıq gedir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!