17 Oktyabr, 2011
Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Ramil Usubov bir arada

Onlar Qəbələdə antik dövrə aid yaşayış yerinə baş çəkiblər

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Vəzirov Qəbələdə antik dövrə aid yeni tapılan yaşayış yerinə baş çəkiblər.

Bu barədə APA-ya Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib. Q.Ağayevin sözlərinə görə, qonaqlar Qəbələdə tikilən aeroport ərazisinə baxış keçirərkən burada aparılan arxeoloji qazıntılarla tanış olublar: “Rəsmilərə tapılan abidənin yaşı və arxeoloji əhəmiyyəti haqqında məlumat verilib. Fikir mübadiləsi nəticəsində belə qərara gəlindi ki, bu abidəni gələcəkdə açıq səma altında muzey kimi saxlayaq. Çünki bu abidə çox qədimdir, e.ə VI əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Bu isə antik dövrün bütün mərhələlərini əhatə etmək deməkdir. Bu ərazidə 800 il intensiv yaşayış olub. Sonra isə əhali bu ərazidən cənuba köçüb. İndi həmin ərazidə də orta əsrlər abidəsi yerləşir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!