14 Oktyabr, 2011
Bakıda baş vermiş dəhşətli qətllə bağlı rəsmi məlumat yayıldı

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi oktyabrın 13-də Binəqədi rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Simsar.az-ın məlumatına görə, oktyabrın 13-də saat 14:00 radələrində Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 37 «A» mənzil 73-də yaşamış Sunqayeva Pirdas Həsənhüseyn qızının yaşadığı mənzildə bədən səthi üzərində çoxsaylı kəsici-deşici xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib. Bakı şəhər Prokurorluğu, Binəqədi rayon Prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işi başlanıb və rayon prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin Bərdə rayonu, Qaradağlı kəndində anadan olmuş, Bakı şəhəri, Dərnəgül qəsəbəsi Ağasadiq Gəraybəyli küçəsi ev 37 mənzil 20-də yaşayan, 1988-ci il təvəllüdlü Əhmədov Cavid Vaqif oğlu tərəfindən törədilməsi müəyyən edilib.

Cinayətin törədilməsində şübhəli bilinən Cavid Əhmədov tutularaq istintaqa təqdim olunub. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və cinayəti həmyerlisi Kamalov Səbuhi Elman oğlu ilə birlikdə törətdiyini bildirib. Eyni zamanda Cavid Əhmədovun mərhum Pirdas Sunqayevanın yaşadığı mənzildən götürdüyü qızıl-zinət əşyaları onun satmış olduğu şəxsdən əldə edilərək götürülüb.

Hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir, həmin cinayətin törədilməsində digər şəxs və ya şəxslərin iştirakının olub-olmaması araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!