14 Oktyabr, 2011
Avropa Parlamentinin prezidenti siyasi dustaqlardan danışdı

"Azərbaycanda bütün siyasi dustaqlar azad edilməlidir"

“Avropa Birliyi müasir, çiçəklənən və demokratik Azərbaycanın qurulmasında vacib tərəfdaş olmaq istəyir”. Avropa Parlamentinin rəhbəri Jezi Buzek “Azadlıq” radiosuna müsahibəsində belə deyib.

Jeji Buzek Azərbaycanda dialoq, ifadə azadlığı, media plüralizmi mühitinin inkişafına, müxalifət və vətəndaş cəmiyyəti qurumları ilə konstruktiv əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidlə yanaşdığını bildirib. O qeyd edib ki, Azərbaycanda bütün siyasi məhbuslar azad edilməlidir: “Mən “Şərq tərəfdaşlığı” proqramı və Avropa Parlamenti çərçivəsində Azərbaycanla əməli əməkdaşlığı alqışlayıram. Amma Azərbaycanda insan haqları və siyasi azadlıqlar sahəsində inkişaf əlaqələrimizi daha da möhkəmləndirərdi”.

“Media forum” saytı bildirir ki, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyahısı üzrə Azərbaycanda 30-dək siyasi məhbus var. Bunlar “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərli, 2 aprel məhbusları və sair şəxslərdir.

Bundan əlavə Azərbaycanda 10-dan çox islamçı fəal, eləcə də Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!