13 Oktyabr, 2011
Qadınların fəallığı getdikcə artır

Hicran Hüseynova: Azərbaycanda qadınların öz potensiallarını reallaşdırması üçün geniş zəmin yaranıb

Ölkəmizdə aparılan uğurlu sosial siyasət və onun tərkib hissəsi olan gender siyasətinin nəticəsi olaraq, respublika qadınlarının öz potensiallarını reallaşdırması, daha da fəal olması üçün geniş zəmin yaranıb. Trend-in məlumatına görə, bunu cümə axşamı "Müstəqil Azərbaycan 20 il: Dövlət, ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

"Müasir Azərbaycanda qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artır. Ümumilikdə parlamentdə qadın deputatların təmsilçiliyi ötən çağırışa nisbətdə 14-dən 20 nəfərə yüksəlib. Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə çatıb", - Hüseynova əlavə edib.

Onun sözlərinə görə, hazırda ölkədə dövlət qulluğunda çalışanlar, hakimlər, orta və ali məktəb müəllimləri, həkimlər sırasında qadınlar böyük əksəriyyət təşkil edir.

"Azərbaycanda qadın siyasətinin uğurları beynəlxalq müstəvidə də çox yüksək qiymətləndirilir. Son illər ölkəmiz qadınların həyatında önəmli rol oynayan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib", - Hüseynova vurğulayıb.

Komitə sədri konfrans iştirakçılarına ölkədə həyata keçirilən uşaq və ailə siyasəti barədə, qadın, uşaq və ailələlərin hüquqlarının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması barədə görülən işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktları haqqında məlumat verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!