12 Oktyabr, 2011
Abel Məhərrəmov: "...Bunlar ara söhbətlərdir"

Tələbə yataqxanaları köçürülməyəcək, təmir ediləcək

“Bakı Dövlət Universitetinin paytaxtdan kənara köçürülməsi ilə bağlı heç bir müzakirə və qərar yoxdur. Fikrimcə, bu, ara söhbətləridir. Ancaq universitetin yataqxana sisteminin bərpa olunması ilə bağlı ölkə prezidentinin göstərişinə uyğun uğurlu addımlar atılır”.

 Simsar.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib. 

A. Məhərrəmov deyib ki, universitet həyatı yataqxanalarsız yeksənəqlik yaradır: “Özüm uzun illər yataqxanada qalmışam. Həyatımın formalaşmasında yataqxananın izlərini bu gün də hiss edirəm. Bəziləri buna mənfi baxsa da, mən müsbət yanaşıram. Yataqxana həyatı insanları bir-birinə yaxınlaşdırır. Məlum səbəblərə görə, BDU-nun yataqxanasında qaçqın və məcburi köçkünlər məskunlaşıb. Buna baxmayaraq, universitetlərin reytinqi müəyyənləşdirərkən dünyanın 20 min ali məktəb arasında Bakı Dövlət Universiteti 608-ci yeri tutub. Sual olunur ki, bizim yataqxanamız olsa, neçənci yerdə olardıq? Tam əminəm ki, biz ilk 500 yerin içərisində olmalıyıq”.

A. Məhərrəmov ölkə prezidentinin göstərişi ilə başlanan bu işin universitetin reytinqinin artmasına səbəb olacağını da qeyd edib: “Hazırda orada məskunlaşan qaçqınlar üçün Masazırda yeni qəsəbə tikilir. Yaxın vaxtlarda qaçqınlar həmin evlərə köçürüləcəklər”.

Rektor hazırkı yataqxanaların yenisi ilə əvəzlənəcəyini də deyib: “Universitetin hazırkı yataqxanalarının vəziyyətini nəzərə alaraq, onlar söküləcək, yerində çoxmərtəbəli yataqxana binaları inşa ediləcək. Bunun tikintisi isə çox intensiv aparılacaq. Hazırda bir neçə layihə var. Sonda layihələrin birinin üzərində dayanacağıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!