11 Oktyabr, 2011
Nuşirəvan Məhərrəmli prezidentə müraciət etdi

"Fikrimcə dövlət dəstək verəcək"

Milli Televiziya və Radio Şurası (MTRŞ) əhalinin aztəminatlı təbəqəsinin rəqəmsal yayım üçün tunerlərlə təmin olunmasına görə ölkə prezidentinə müraciət edib.

Bu barədə APA-ya Şura sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, MTRŞ əhalinin rəqəmsal yayıma keçid prosesindən minimum ziyanla çıxmağına çalışır: “Əgər əhalinin tunerlərlə təmin olunmasında problem olmayacaqsa, biz buna keçəcəyik. Fikrimcə, dövlət də buna dəstək verəcək. Mən ölkə prezidentinə bununla bağlı müraciət eləmişəm. Əhalinin aztəminatlı hissəsi olan 500-600 min nəfərə dövlətin dəstəyi ola bilər, onlar tunerlərlə təmin oluna bilərlər. Bu müraciət təmin edilərsə, rəqəmsal yayıma daha tez - 2-3 aydan sonra keçə bilərik”.

N. Məhərrəmli deyib ki, rəqəmsal yayıma tez keçmək hər baxımdan Azərbaycan üçün əlverişlidir: “Azərbaycan Nazirlər Kabinetinin 2013-cü ilə qədər rəqəmsal yayıma keçidlə bağlı qərarı var. Amma biz nə qədər tez bu prosesə başlasaq, o qədər yaxşı olar. Gələn il Azərbaycanda çoxlu beynəlxalq miqyaslı tədbirlər keçiriləcək. Rəqəmsal yayımın tam olması da bu işlərə bir dəstək ola bilər. Çalışacağıq ki, noyabrın ortalarında rəqəmsal yayıma başlayaq. Əhali tunerlərlə təmin olunarsa, elə o vaxtdan da analoq yayım dayandırılacaq. Çünki analoq yayım çox böyük xərc aparır, büdcə vəsaitlərindən, elektrik enerjisindən, tezliklərdən səmərəli istifadə etməyə problemlər yaradır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!