11 Oktyabr, 2011
Respublika Hərbi Prokurorluğunda bayram tədbiri

Xanlar Vəliyev: "Müstəqillik Azərbaycanın ən böyük sərvətidir"

Respublika Hərbi Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlət müstəqilliyinin əldə edilməsini Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib və müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət və ictimai-siyasi hadisə olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqil, demokratik, hüquqi, dünyəvi, qanunun aliliyinə və vətəndaş cəmiyyətinə əsaslanan dövlətə çevrilməsi məqsədi ilə milli dövlət quruculuğu prosesinin həyata keçirilməsi üçün zəruri işlər görülüb, ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatlara başlanılıb.
Azərbaycanın insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas konvensiyalara qoşulduğunu vurğulayan X. Vəliyev 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv edildiyini, demokratik məhkəmə sistemi formalaşdırıldığını, bütün hüquq-mühafizə orqanlarında mütərəqqi islahatlar aparıldığını, onların fəaliyyəti demokratik dəyərlərə uyğun qurulduğunu bildirib.

X. Vəliyev müstəqillik illərində prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Hərbi prokuror bildirib ki, Azərbaycan prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki fəaliyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaradılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!