10 Oktyabr, 2011
Əflatun Amaşov mötəbər tədbirdə çıxış etdi

Avropa Mətbuat Şuraları Alyansının Moskvada keçirilən XIII illik toplantısı başa çatıb.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qatıldığı iki günlük tədbirin ilk günü Avropada fəaliyyət göstərən eyni adlı qurumların hesabatları dinlənilib. Ə.Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun XII toplantıdan keçən müddətdə gördüyü işlərdən söhbət açıb.

Tədbirin ikinci günündə iştirakçılar internet medianın cəmiyyətdəki rolu, bu tip media vasitələrində peşə davranışı qaydalarının pozulması halları, habelə mətbuatda irqçiliyin yayılmasındakı təzahür formaları və sair istiqamətlərdə fikir mübadiləsi aparıblar. Mətbuat Şuralarının iqtisadi vəziyyətləri ilə də bağlı müzakirələrin getdiyi toplantıda mövcud sahədəki problemlərin mümkün həlli yollarına toxunulub.

Tədbirdə Avropa Mətbuat Şuraları Alyansının XIV illik toplantısının Belçikanın paytaxtı Brüsseldə təşkili qərara alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!