7 Oktyabr, 2011
FHN metroda təlim keçirib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Metropoliteninin «Ulduz» stansiyasında təlim keçirib.

APA-nın “Fövqəladə hallar” qəzetinin saytına istinadən verdiyi məlumata görə, təlim Metropolitendə baş verən yanğın, tüstülənmə, təxribat və digər ekstremal halların çevik şəkildə aradan qaldırılması məqsədi daşıyıb.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Bakı Metropoliteni üzrə şöbə rəisi Sozalı Əfəndiyev bildirib ki, təlim-məşqdə hazırlıq metropoliten işçilərinin təlimatlandırılması ilə başlanıb. Təlimdə əsas məqsəd FHN və polis əməkdaşlarının, metropolitenin xidmətlərinin və stansiya işçilərinin yanğınla mübarizəyə hazırlıq və bacarıqlarını yoxlamaq, yanğın zamanı cəld və çevik hərəkətlərlə yanğının qarşısını almaq və sərnişinlərin təxliyəsini həyata keçirmək olub.

"Ulduz" stansiyasında şərti yanğının söndürülməsi üzrə keçirilən təlim-məşqdə Bakı metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin, metronun Hərəkət, Elektromexanika xidməti, Əməyin mühafizəsi və Texniki təhlükəsizlik xidmətlərinin əməkdaşları, Elektrik təchizatı xidməti üzrə elektromexanikləri iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!