5 Oktyabr, 2011
Allahşükür Paşazadə RF subyektlərinin rəhbərləri ilə görüşüb

Qonaqlar Azərbaycanın Qafqaz bölgəsində lider rolunu oynadığını xüsusi vurğulayıblar

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponini qəbul edib. Bu barədə məlumatı ANS PRESS-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib.

Prezidentlə görüşündən və ölkəmizin iqtisadi, siyasi yüksəlişindən məmnunluğunu ifadə edən Xloponin Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu, dini-mənəvi sahədə böyük işlər görüldüyünü, dövlətin bu sahəyə diqqətini və nümunəvi tolerantlıq mühitinin mövcudluğunu rəğbətlə vurğulayıb.

Görüşdə Qafqazda dini-mənəvi sahədə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Qonaq Rusiya dövlətinin müsəlman icmalarının fəaliyyətinə yaxından yardım göstərdiyini, bununla belə qarşıda görüləsi işlərin çox olduğunu diqqətə çatdırıb.

Xloponin Azərbaycana rəsmi səfəri çərçivəsində "Qafqaz və qafqazlılar üçün çox işlər görmüş tanınmış dini lider" olaraq səciyyələndirdiyi Şeyxülislam A. Paşazadə ilə görüşü vacib saydığını bildirib, Qafqazda mövcud problemlərin həllində QMİ sədrinin dini lider və nüfuzlu şəxsiyyət olaraq müdrik mövqe, mühüm fikir və məsləhətlərinə böyük ehtiyac duyulduğunu xüsusi vurğulayıb.

Qonaq Rusiya Federasiyası rəhbərliyinin və Rusiya patriarxının böyük ehtiram bəslədiyi dini lider A.Paşazadənin bundan sonra da ölkələrimiz arasında dini-mənəvi əlaqələrin genişləndirilməsi, ənənəvi İslam dəyərlərinin daha da möhkəmlənməsi, gənclərin mənəvi tərbiyəsi istiqamətində səylərini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Allahşükür Paşazadə qonağa Azərbaycanda dini dəyərlərin qorunub saxlanılması istiqamətində dövlət rəhbərinin birbaşa diqqət və qayğısı sayəsində görülən işlər barədə məlumat verib. Rusiya və Azərbaycan dövlətləri arasında mənəvi əlaqələrin hər zaman inkişaf etdirilməsi zərurətindən söhbət açan QMİ sədri bu yaxınlarda Azərbaycan və Rusiya din xadimləri və ilahiyyatçılarının “Qafqazda ekstremizm ideologiyasının qarşısının alınması” mövzusunda Bakıda keçirilmiş konfrans barədə qonağı məlumatlandırıb.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyasının ölkəmizdəki səfiri Aleksandr Doroxin iştirak ediblər.

Oktyabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə Rusiya Federasiyası subyektlərinin rəhbərləri – İnquşetiya Respublikasının başçısıYunusbekYevkurov, Kabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokov və Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedovu qəbul edib. QMİ sədrinin Qafqaz respublikalarına səfərlərini məmnunluqla xatırladan qonaqlar Rusiya dövləti tərəfindən Şimali Qafqaz müsəlmanlarının mənəvi tələbatlarının daha yüksək səviyyədə ödənilməsi yönündə görülən işlər, habelə nəzərdə tutulan layihələr ətrafında A. Paşazadə ilə fikir mübadiləsi aparıblar.

Azərbaycanda aparılan geniş quruculuq işləri, siyasi, iqtisadi, sosial sahələrdə tərəqqini yüksək dəyərləndirən qonaqlar Azərbaycanın Qafqaz bölgəsində lider rolu oynadığını və Azərbaycan prezidentinin Qafqazın lider dövlət başçısı olduğunu xüsusi vurğulayıblar. Onlar bildiriblər ki, Azərbaycanda mövcud tolerantlıq və din-dövlət münasibətləri bütün Qafqaz üçün örnəkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!