5 Oktyabr, 2011
Şagirdi direktor təyin etdilər

Zəminə Əliqızı: “Məktəbin idarəsi bu gün şagirdlərin əlindədir və normal qaydada dərs gedir”

Bakı şəhər Sabunçu rayonu 67 nömrəli orta məktəbdə direktor və müəllimləri bu gün şagirdlər əvəz edib.

Bu barədə Simsar.az-a Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı məlumat verib.

Onun sözlərinə görə, bu təşəbbüs şagirdlərin özləri tərəfindən irəli sürülüb. 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri işdən bir günlük də olsa azad etmək məqsədi daşıyır: “Bayaq həmin məktəbə zəng etdim, dəstəyi şagird götürdü. Məktəbin idarəsi bu gün şagirdlərin əlindədir və normal qaydada dərs gedir. Müəllimlər həmçinin dərs deməkdən də azad olunublar”.

Z.Əliqızı qeyd edib ki, bu gün münasibəti ilə Bakının müxtəlif rayonlarında müəllimlərin həmkarlar ittifaqları tərəfindən peşə bayramı tədbirləri də təşkil olunur.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!