4 Oktyabr, 2011
Media kapitanları Moskvaya toplaşır

Onların arasında Əflatun Amaşov da var

Oktyabrın 5-dən 8-dək Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı keçiriləcək. Mətbuat Şurasından Simsar.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşovun qatılacağı toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının fəaliyyətləri təhlil olunacaq, müxtəlif ölkələrdə bu qurumların fərqli iş prinsipləri ətrafında fikir mübadiləsi aparılacaq.


Tədbirdə eyni zamanda qitədəki Mətbuat Şuraları rəhbərlərinin hesabatla çıxış etmələri də nəzərdə tutulur. Mətbuat Şurasının sədri Moskvada Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək, Cənubi Qafqazda və Moldovada medianın vəziyyətinə həsr olunacaq görüşə də qatılacaq. Bu görüş bir neçə ay əvvəl AŞ-nin təşəbbüsü ilə Moldovada baş tutan konfransın yekunlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir. Toplantıda ümumən postsovet məkanında özünütənzimləmə ilə əlaqədar vahid informasiya şəbəkəsinin yaradılması və jurnalist qurumlarının bu prosesdə oynayacaqları rola dair diskussiyalar gedəcək, məsələ ətrafında ortaq nəticəyə gəlinəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!