4 Oktyabr, 2011
“SİMSAR” TEATRININ BƏDİİ RƏHBƏRİ POLŞAYA GEDİR

Azərbaycan teatr xadimləri mötəbər tədbirə qatılır 

Bu gün Polşanın Krakov şəhərində Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə “Simsar” teatr-studiyasının bədii rəhbəri Pərviz Məmmədrzayev, Azərbaycanı “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, layihənin Azərbaycan üzrə koordinatoru Səbuhi Məmmədov və “Motor Production”ın rəhbəri Alina Abdullayeva təmsil edəcəklər.

“Simsar” Teatr-studiyasının direktoru İradə Nurəddinqızının saytımıza verdiyi məlumata görə, tədbir oktyabrın 9-a kimi davam edəcək.
Polşanın A.Mitskeviç adına İnstitutun təşkil etdiyi tədbirdə Şərqi Avropanın müxtəlif ölkələrindən - Bolqarıstan, Xorvatiya, Belarusiya, Gürcüstan, Cexiya Respublikası, Rumıniya, Slovakiya, Ukrayna, Serbiya, Macarıstan, Bosniya və Hersoqovina, Sloveniya və Moldovadan müxtəlif teatr xadimləri, tənqidçilər, rejissorlar, direktorlar, prodüserlər iştirak edəcək.

Görüş çərçivəsində yaxın iki ildə Şərqi Avropada gerçəkləşməsi nəzərdə tutulan teatr və mədəniyyət layihələri, yeni idaretmə mexanizmləri müzakirə olunacaq.

Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!