3 Oktyabr, 2011
Hicran Hüseynova: "Qadınlara böyük imkanlar yaradılmalıdır"

Onlar hər sahədə var 

Azərbaycanın həyatında elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə Türkdilli Ölkələr Parlament Assambleyası (TÜRKPA) tərəfindən Milli Məclisdə keçirilən "XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti" adlı beynəlxalq konfransın açılışında Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, qadınlar Azərbaycanda ictimai-siyasi proseslərdə fəal iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunur, səhiyyədə, təhsildə, idmanda, orduda çalışırlar.

"Biz çalışmalıyıq ki, qadınların inkişafa, yeni sahələrə yiyələnməyə marağı artsın. Artıq gender anlayışı yeni səviyyəyə çıxır. Qadınlar üçün daha böyük imkanlar yaradılmalıdır ki, onlar öz potensialından geniş istifadə etsinlər", - Hüseynova deyib.

Komitə sədri türkdilli ölkələrin son zamanlar inkişaf edən əlaqələrini qeyd edərək bildirib ki, TÜRKPA-ya daxil olan ölkələrin qadın sahibkarları arasında da əlaqələrin inkişafına ehtiyac var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!