3 Oktyabr, 2011
Bakıda üzüm festivalı

Azərbaycan məhsulunun möhtəşəm nümayişi

AzərTAc xəbər verir ki, tədbirin məqsədi əsrlər boyu üzümçülüyü ilə şöhrət qazanmış Azərbaycanın bu ənənələrini bir daha canlandırmaq, üzümçülüyü təbliğ etmək və bu sahəyə diqqəti artırmaqdır.

Festivalda bir neçə komanda arasında üzüm sıxma, üzüm çəlləklərinin diyirləndirilməsi, gözləri bağlı şəkildə bu meyvənin dadına baxmaqla onun sortunun müəyyənləşdirilməsi və s maraqlı müsabiqələr keçirilmiş, müxtəlif üzüm sortları və bu meyvədən hazırlanan məhsullar nümayiş olunub.

Festivalda iştirak edən paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına müxtəlif ölkələrin mətbəx və tətbiqi sənət nümunələri təqdim edilib. Ukraynadan gətirilmiş “canlı heykəllər” festivalda şən ab-hava yaradıb.

Festival çərçivəsində məşhur müğənnilərin iştirakı ilə qala-konsert keçirilir. Konsertin proqramına ötən illərdə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin, Səfurə Əlizadənin, Məryəm Şabanovanın, Milk&Kisses qrupunun, müxtəlif illərdə Litvanın, Rumıniyanın, Moldovanın “Eurovision” müsabiqələrində təmsilçiləri olmuş Saşa Sonun, Paula və Ovi duetinin, “Zdub şi Zdub” qrupunun ifaları daxil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu festivalın hər il mütəmadi olaraq payız mövsümündə keçirilməsini planlaşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!