30 Sentyabr, 2011
Ziyalılar prezidentə müraciət edəcək

Ramiz Rövşən: “Siyasi məhbus məsələsi Azərbaycana töhmət gətirir”

Ziyalılar Forumunun bir qrup üzvü 2 aprel aksiyasında həbs olunanlara və Bəxtiyar Hacıyevə baş çəkəcəklər. Hələlik onların ziyarətlərinin tarixi məlum deyil. Eyni zamanda, siyasi məhbusların azadlığa buraxılması ilə bağlı prezidentə müraciət etməyi planlaşdırırlar.

Simsar.az-ın məlumatına görə, müraciətin müəlliflərindən biri olan şair Ramiz Rövşən “Yeni Müsavat” qəzetinə bildirib ki, onlar cəmiyyətdə barış nöqtəsi axtarırlar: “Əgər biz cəmiyyətdə barış nöqtələri axtarırıqsa, islahatlar getməsini, normal vətəndaş cəmiyyətinin yaranmasını istəyiriksə, bunun ilk addımı Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin, 2 aprel mitinqiylə bağlı həbs olunan cavanların, başda Arif Hacılının azad olunmasıdır”.

R.Rövşən qeyd edib ki, siyasi məhbusların hamısı buraxılmalıdır: “Çünki məhkəmələr mənə qeyri-ciddi təsir bağışladı. Mən oxudum ordan yazılanları. Demək olar, üstü açıldı və məlum oldu ki, ortada cinayət yoxdur. Mənə elə gəlir ki, bu həbslər nə hakimiyyətə lazımdır, nə cəmiyyətə. Özü də istərdim bir daha belə məqam olmasın. Siyasi məhbus məsələsi Azərbaycana töhmət gətirir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!