28 Sentyabr, 2011
“15 DƏQİQƏLİK İFAMLA SÜBUT EDƏRƏM Kİ, BALABAN AZƏRBAYCANINDIR” - FOTOSESSİYA

“Bizim təbliğatla bağlı problemlərimiz var, xaricdə 5 konsertdən 4-də balaban ifaçısı ermənidir”

Balaban ifaçısı Rafail Simsar.az saytının qonağı oldu. Onun ifasında həzin səslə canlı musiqi də dinlədik. Doğrudan da balabanın sehrinə düşməmək olmur. Bəlkə ona görədir ki, Azərbaycanda balaban ifaçılarının sayını barmaqla göstəririk. Elə Rafailə ilk sualımızı da bu mövzuda verdik. Bir qədər də baməzə şəkildə.


- Bizdə qarmon ifaçısı çoxdur, yoxsa balaban?


- Əlbəttə, qarmon.

- Niyə belədir ki?


- Balaban bir az qəliz alətdi. Hər kəs buna baş vura bilmir.

- Balabanın qəlizliyi nədədir?


- Nəfəsi düzgün tənzimləmək lazımdır. Daha sonra qarmonda diapazon daha genişdir, balabanda isə belə deyil.

- Belə deyə bilərikmi balaban ruhla bağlı alətdir?

- Bütün musiqi alətləri ruhla ifadə olunur. Birində az olur, birində çox. Balabana isə gərək bütün ruhunla bağlanasan. Sakitlikdə bu alətə qulaq asmaq başqa aləmdi.

- Neçə ildi bu sənətlə məşğulsuz?


- 15, 16 yaşımdan balaban çalıram.

- 15 yaşında həvəskar kimi ifa edirdiz?


- Əvvəl həvəskar kimi çalırdım, sonra Asəf Zeynallıya qəbul oldum. İndisə Milli Konservatoriyaya daxil olmaq fikrim var.

- Neçə ildir Asəf Zeynallını bitirmisiz?


- Oranı 1999-cu ildə bitirdim.

- Üstündən 12 il keçib. Nə yaxşı bu günə qədər Konservatoriya arzunuzu gerçəkləşdirməmisiz?


- Bir neçə ildir Konservatoriyada balaban sinifi açılıb. Mən də qərar vermişəm ki, hazırlaşıb ora daxil olum.

- İfa etdiyiniz alətin tarixini bilirsiz?


- Dəqiq rəqəm deyə bilmərəm. Balabanın tarixi çox qədimdir. Bu çalğı alətində Azərbaycan musiqiləri, rəqsləri ifa olunur. Çoxları bu aləti özününküləşdirmək istəyir. Amma bizim olmasını göstərən faktlar daha çoxdur.

- Çoxları deyəndə ki, əsasən ermənilər balabana iddialıdır...Bu alətin Azərbaycana məxsus olduğunu göstərən başlıca amil nədir?


- Bunu ancaq çalğı vasitəsilə sübut etmək olar. Qeyri-təvəzökarlıq çıxmasın, amma dünyanın istənilən səhnəsində mənə 15, 20 dəqiqə vaxt versinlər, öz ifamla bunu sübut edə bilərəm. Elə çalaram ki, hətta ermənin özünə bu ifa maraqlı gələr. Özü etiraf edər ki, onlar çala bilmir. Belə bir hadisə bir neçə dəfə olub.

- Ermənilər də belə arqument gətirə bilər. Bəlkə daha tutarlı sübut lazımdır?


- Ermənilər balabanda bizim musiqiləri, rəqsləri ifa edirlər. Ermənilərin çalğısını dinləmişəm. Başlayanda tanış olmayan səslər çıxarırlar, sonra yenə də bizim musiqiyə keçirlər. Başqa yolu da yoxdur. Elə onlar bu yanaşması ilə sübut edirlər ki, balaban Azərbaycan xalqına məxsusdur.

- Olubmu ki, ermənilər balabanda öz musiqilərini çalsınlar?


- Musiqiyə diqqətlə qulaq asanda görürsən ki, bizim musiqidir. Bizim “Mirzeyi” rəqsini balabanda çalanda, diqqətlə qulaq asdım, əvvəlini başqa cür başladılar, ardı yenə bizim rəqs havası kimi idi. Bizim köhnə bir rəqsimiz var, adı “Kolxozu”dur. Bu, rəqsi özününküləşdirib, çalırlar.

- Onlarla eyni səhnəni bölüşmüsüz?

- Çox olub. Xarici səfərlərimizdən birində erməni balaban ifaçısı Kasparyan yarımsaatlıq balaban ifa etdi. Mən də Alim Qasımovla getmişdim.


- Tamaşaçı hansı xalqın balaban ifaçılarını daha çox bəyənir?


- Ermənilər balabanı Avropaya çox tanıdıblar, özlərininki kimi təqdim etməyi bacarıblar. Görünür, avropalı daha çox onların ifasını qəbul edir. Çünki onlar bu çalğı alətini dünyada çox təbliğ edirlər. Çox vaxt xarici konserlətlər zamanı əcnəbi jurnalistlər yaxınlaşıb soruşur ki, bu çalğı alətini “Duduk” kimi tanıyırıq, siz isə Balaban deyirsiz. Fərqini anlamaq istəyirlər. Mən izah edirəm ki, onlar bu aləti “duduk” kimi tanıtdırıb, gözümü açandan isə, onu Balaban kimi tanımışam.

- Belə çıxır ki, biz Avropada balabanı itirmişik?

- Deyəsən belədir. Bu alət Dağıstanda, Gürcüstanda, Özbəkistanda, Ermənistanda, Azərbaycanda var. Amma əksər xarici ölkələr ona ermənilərin “duduk”u deyir. Bizim təbliğatla bağlı problemlərimiz var, xaricdə 5 konsertdən 4-də balaban ifaçısı ermənidir.

- Dövlət tədbirlərində çıxış edirsiz?


- Bəli.

- Dəvət üçün şəxsən özünüzə zəng edirlər?


- Zəng deyəndə ki, mən çox vaxt Alim Qasımovla birgə konsertlərdə çıxış edirəm. Həmin konsertlər zamanı da Alim müəllim şərait yaradır ki, balaban daha çox səslənsin. Konsertin içində balabanla masterklaslar verirəm. Amerikada belə konsertlərdən birində jurnalistlər məndən müsahibə götürdülər, balabanın şəklini çəkib, qəzetlərə vurdular. Belə hadisələr dəfələrlə təkrarlansa, təbliğat yaxşı olsa, əlbəttə, biz də balabanı dünyada təmsil etmiş olarıq. Tək əldən səs çıxmaz. Mütləq dəstək lazımdır.

- Ermənilər bu alətdən hazırlaya bilir?


- Elə balabanın ustası ermənilərdi də.


- Ermənilərlə bizim balabanın fərqi nədir?


- Onlarda bu alət bəm səslənir. Bizim balaban onlardan bir ton yuxarıdır. Bizdə incəliklər, xırdalıqlar, müxtəlif boğazlar çoxdur. Biz seygah muğanını ifa edəndə, incəliklərə yer veririk. Amma onlar bunu edə bilməz, alınmaz.

- Onlarda yaxşı balaban çalan var?


- Balaban ifaçısı kimi onlarda ən öndə gedən Civan Kasparyandı.

- Balabanin ruhunu hiss edə bilirlər?

- Onların öz səpkilər var, elə o ruhda da çalırlar. Məsələn, onlar balabanda seygah, şur çala bilməz. Bəlkə də çalar, amma bu insan qulağına xoş gəlməyəcək. Muğam çalmağa cəhd göstərsələr də, alınmaz.

- Bir neçə balaban ifaçısı var. Amma xaricdə daha çox Əlixan Səmədovu tanıyırlar. Bu niyə belədir?


- Balabana belə münasibəti qəbul etmirəm. Bu çalğı alətinin ifasını şouya uyğunlaşdırmağa çalışırlar. Yenilik olar, amma bu şəkildə edəndə alətin gözəlliyi itir.

- Balaban ifaçılarından kimi bəyənirsiz?


- Balaban ifaçılarından Şirzadı, Hakim və Əlbaxış müəllimin ifalarını çox bəyənirəm. Əlbaxış müəllim mənə dərs deyib.

- Bildiyimizə görə, Alim Qasımov yeganə muğam usatısıdır ki, dövlət tədbirlərindən qonorar alır. Bəs Sizə belə tədbirlərdə iştirak etdiyiniz üçün qonorar verirlər?


- Baxır hansı tədbirdi, kiminlə gedirsən...

- Qazancınız hardan çıxır?


- Əsasən konsertlərə, dövlət və başqa xarici tədbirlərə getməklə pul qazanırıq.

- Ayda neçə dəfə belə tədbirlər olur?


- Ayda 4, 5 dəfə.

- Toylara getmirsiz?


- Arada olur.

- Solo konsertiniz olmayıb deyəsən...


- Yox, solo konsertim hələ ki, olmayıb. Amma bu yaxınlarda belə bir konsert gerçəkləşdirməyi düşünürəm.

- Balaban Sizi dolandıra bilir?


- Yola veririk də birtəhər. Beş, on manat qazanırıq. Əsas odur ki, balabanı yaşadaq, bu aləti sevsinlər, dinləsinlər.

- Bizdə balaban ustası var?


- Balaxan müəllim var, çox yaxşı balaban düzəldir.

- Balaxan usta olmasa, bu aləti düzəldə bilən ikinci bir şəxs var?


- Balabanın əsas hissəsi qamışdan və ərik ağacından hazırlanır. Mən balabanımdan artıq altı-yeddi ildir istifadə edirəm. Onu mənə Balaxan usta düzəldib. İkinci belə usta tanımıram. Təmir edənlər çoxdur, amma düzəldən bir nəfərdir. .

- Balabanın yaxşı və pis olmasını necə müəyyən edirsiz?


- Yaxşı olması əsasən qamışından asılıdır. Daha sonra kök söhbəti var. Əsas rolu qamış oynayır. Elə qamış var ki, onunla çalarsan, bir ildən sonra dağılar. Eləsi də var ki, yaxşı düzəldirlər, lap 10 il də çala bilərsən.

- Xarici səfərləriniz olur. Ayrı-ayrı ölkələrin musiqi alətləri mağazalarında rastınıza balaban çıxıb?


- Avropada rastıma çıxmayıb. Bu alətə əsasən Türkiyədə və qafqaz ölkələrində rast gəlinir.

- Düz deyirlər ki, nəfəs çalğı aləti ilə işləyən ifaçıların ürəyində bir müddət sonra ciddi fəsadlar yaranır...


- Yaşlaşanda ola bilər, amma cavanlıqda inanmıram.

- Zurna ilə Balabanın fərqi nədir?


- Zurna Balabandan da çətin, kaprizli, həm də çox həssas alətdir. Bir də görürsən ki, çaldığın yerdə səni yarı yolda qoydu.

- Havanın balabana təsiri var?


- Əlbəttə, nəmişlik və yaxud da quraqlıq olanda balaban kökdən düşür. Bu alət sərin havada çalınmağı sevir.

- Balaban öyrədən müəllimlər çoxdur?


- Var. Musiqi məktəblərində də, Asəf Zeynallıda da tanıyıram.

- Bəs bu alətə maraq göstərənlər var?


- Olur, amma çox azdır. Mən klubda məşq edəndə, valideynlər yaxınlaşıb, uşaqlarını yanıma göndərmək istədiyini deyirlər.

- Tələbə hazırlaşdırırsız?


- Bir nəfər var idi, sadəcə sturkturu öyrədirdim. Əvvala vaxt olmur, son zamanlar bu haqda düşünürəm. Amma yaxşı olar ki, uşaqlar 5 yox, 7, 8 yaşından öyrənməyə getsinlər.

- Son zamanlar instrumental ansambulların sayı artıb. Sizin ansambul yaratmaq fikriniz yoxdur ki?


- Bu barədə lap çoxdan fikirləşirəm. Ancaq bəzi problemlər var. Belə bir qrup yaratsam, hər ağızdan bir avaz çıxacaq. Məsələn, mən çalıram öz aləmimdəyəm, başqa birinə deyə bilmərəm ki, sən də mənim kimi çal. Qrup yaratsam, bəziləri var ki, deyəcək niyə Rafail öndə çalır, mən yox. Ermənilərin saytına girib baxmışam, dəhşətə gəlmişəm. 10, 15 ifaçı yan-yana düzülüb, balaban çalır. Halbuki bunu biz də edə bilərik, həm də onlardan çox yüksək səviyyədə.

- Əcnəbi ölkələrdən balaban ifa etmək üçün təkliflər, dəvətlər alırsız?


- Çox olub, əksər vaxtlarda qonorarları zəif olub, getməmişəm.

- Xaricilər çalğı alətlərimizdən ən çox hansına qulaq asmaq istəyirlər?


- Hansı ölkə olur-olsun, ən çox folklora qulaq asırlar. Əcnəbiləri bizim muğam valeh edib. İllah da Alim oxuyanda heyran qalırlar.

- Bizdə balaban ifaçıları niyə efirlərdə az-az görünür?


- Təbliğat çox zəifdir. Bir dəfə birinə dedim ki, balabanı efirdə icazə versinlər yarım saat çalaq, baxsınlar. Soruşdu ki, balaban çalanın “vidi” neçədir? Cvab verdim ki, bir gözü yoxdur, bir əli də gipsdədir. Çağırsınlar bir dəfə çalaq bəyənməsələr, daha çalmarıq.

- Efirlərdə balabana yer vermirlər ki?


- Ayda bir dəfə, heç bəzən onu da vermirlər. Gərək özün müraciət edəsən, xahiş, minnət...


Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!